“Əsas odur ki, psixoloji hazır olaq. Fransa ilə görüşdə çox yorulmuşduq. Yaxşı mübarizə apardıq. Sabah da yaxşı oyun olacaq”.
İdman.Biz xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Elvin Cəfərquliyev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Polşada Ukrayna millisi ilə oyundan öncə keçirilən mətbuat konfransında deyib.
Müdafiəçi qarşılaşmaya ciddi hazırlşadıqlarını bildirib: "Sabah çox yaşı komandaya qarşı oynayacağıq. Müəyyən təlimatları almışıq, rəqibi analiz etmişik. Çox vaxtımız yox idi ki, bu oyuna hazırlaşaq. Amma sabahkı matça komanda olaraq yaxşı hazırlaşıb, tam konsentrasiya olub, maksimum nəticə nədirsə, onun üçün üçün çalışacağıq".
Fransa ilə çətin oyundan sonra Krakova gələn yığma üzvü qısa müddətdə maksimum nəticə üçün çalışdıqlarını vurğulayıb: “Çox da vaxtımız yoxdur. Amma düşünürəm ki, komanda olaraq yaxşı bərpa olmuşuq. Fransa ilə oyunu götürsək, sabahkı görüşdə daha da yorulacağıq. Rəqibi tanıyırıq. Yaxşı komandamız var. Sabah həm ağıllı, həm də özümüzə inamlı şəkildə çıxış etməliyik. Əsas Ukraynadan xal almağımızdır. Öz performansımı kənara qoyuram, əsas komandadır. Motivasiyamız var, özümüzə inamlıyıq. Sabah çox vuruşmalıyıq ki, istədiyimiz nəticəni əldə edək. Qrupda çox çətin komandalar var. Ona görə də sabah qazanacağımız xal, qalibiyyət qrupdakı yerimizi dəyişə bilər. Bunun da ayrıca motivasiyası var”.