Türkiyə İspaniyaya ağır məğlubiyyətdən sonra toparlana biləcəkmi? - İDMAN.BİZ-in İCMALI

Təhlil
11 Oktyabr 2025 13:07
77
Türkiyə İspaniyaya ağır məğlubiyyətdən sonra toparlana biləcəkmi? - İDMAN.BİZ-in İCMALI

Bu gün futbol üzrə Dünya Çempionatı 2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

İdman.biz xəbər verir ki, qarşılaşmalar arasında xüsusilə E qrupundakı oyunlara böyük maraq gözlənilir. Bu qrupda Azərbaycanın qonşu ölkələrinin milli komandaları (Türkiyə və Gürcüstan) mübarizə aparır.

Qardaş Türkiyə yığması əvvəlki turda İspaniyaya qarşı keçirdiyi ev oyununda 0:6 hesablı darmadağından sonra həm turnir cədvəlindı , həm də psixoloji baxımdan çətin vəziyyətə düşüb. Buna görə də Vinçenzo Montellanın komandası bu gün Bolqarıstanla səfər matçında mütləq qələbə qazanmalıdır.

Gürcüstan yığmasını isə ağır sınaq gözləyir. Komanda Avropa çempionu İspaniya ilə səfərdə üz-üzə gələcək. Gürcülərin əsas ümid yeri lider oyunçuları Xviça Kvaratsxelianın meydana çıxmasıdır. Onun əvvəlcə iştirakı sual altında idi. Lakin hətta Xviçanın oyuna qoşulması da İspaniyaya qarşı müsbət nəticə üçün yetərli olmaya bilər.

Türkiyə və Gürcüstan yığmalarının hərəsinin aktivində üç xal var və onlar ikinci yer uğrunda birbaşa rəqib sayılırlar. Buna görə bu turdakı qarşılaşmalar hər iki komanda üçün həlledici ola bilər.

F qrupunda isə İspaniya kimi 100 faizlik nəticə göstərən Portuqaliya millisi bu gün doğma meydanda İrlandiyanı qəbul edəcək və böyük ehtimalla çətinlik yaşamayacaq. Eyni zamanda, tsiklə məğlubiyyət və heç-heçə ilə başlayan Macarıstan komandası evdə Ermənistan üzərində qələbə qazanmalıdır ki, dünya çempionatına vəsiqə şanslarını qoruyub saxlasın.

I qrupda günün mərkəzi qarşılaşması Norveç və İsrail yığmaları arasında olacaq. Beş oyundan 15 xal toplayan skandinavlar bu görüşdə qalib gələcəkləri təqdirdə, demək olar ki, DÇ-2026-ya birbaşa vəsiqəni təmin edəcəklər.

Bununla belə, qrup liderindən altı xal geridə qalan, amma bir oyunu ehtiyatda olan İtaliya hələ də birinci yer uğrunda mübarizədən uzaqlaşmayıb. Cennaro Qattuzonun komandası bu şansı qorumaq üçün bütün qalan oyunlarda, o cümlədən bu gün Estoniyaya qarşı səfər matçında qələbə qazanmalıdır.

K qrupunda isə şənbə günü ikinci yer uğrunda əsas rəqiblər — Albaniya (səkkiz xal) və Serbiya (yeddi xal) üz-üzə gələcək. Beş oyundan 15 xal toplayan İngiltərə liderliyini inamla davam etdirir və mundiala vəsiqə qazanmaqda problem yaşamayacaq.

Bu qrupda həmçinin dörd xalı olan Latviya millisi autsayder Andorra ilə qarşılaşacaq. Ev sahibi komanda asan qələbə qazanacağı təqdirdə, hələ də nəzəri baxımdan vəsiqə uğrunda mübarizəni davam etdirmək imkanını saxlayacaq, baxmayaraq ki, bu, real görünmür.

Teymur Tuşiyev

İdman.Biz