“Millimizi çox ağır oyun gözləyir. Komandamıza uğurlar arzulayıram”.
Bu sözləri sport24.az-a Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev deyib.
O, DÇ-2026-nın seçmə mərhələsində bu gün baş tutacaq Fransa - Azərbaycan matçı ilə bağlı fikirlərini bölüşüb:
“Rəqib hazırda dünyanın ən güclü komandalarından biridir. Onların heyəti çox güclüdür və yığmamız üçün oyun çətin olacaq. Heç kim böyükhesablı məğlubiyyət istəməz. Xal qazanmaq və ya qələbə mümkün görünmür, amma ümid edirəm ki, komandamız əlinə gələn hər şeyi edəcək ki, nəticə ağır olmasın”.
Əmirquliyev futbolda hər nəticənin qeydə alına biləcəyini vurğulayıb: “İnanırıq ki, millimiz Fransaya qarşı yaxşı oyun göstərəcək. Futbolçular bunu anlayır və ona uyğun hazırlaşırlar. Ümid edirəm ki, biabırçı və ya faciəvi hesab olmayacaq”.
Qeyd edək ki, Fransa - Azərbaycan oyunu bu gün, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.