Şahmatçılarımız Avropa çempionatının favoritləri ilə qarşılaşacaq - İDMAN.BİZ-in İCMALI

Təhlil
8 Oktyabr 2025 14:01
332
Şahmatçılarımız Avropa çempionatının favoritləri ilə qarşılaşacaq - İDMAN.BİZ-in İCMALI

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə milli komandalar arasında Avropa çempionatında Azərbaycan yarışın favoriti – Niderlandla qarşılaşacaq.

İdman.biz xəbər verir ki, dördüncü turda yarışın mərkəzi qarşılaşması Şəhriyar Məmmədyarovla niderlandlı qrossmeyster Aniş Qiri arasında baş tutacaq.

Hər iki şahmatçı bir-birini yaxşı tanıyır və müxtəlif turnirlərdə dəfələrlə qarşılaşıblar. Qiri hazırda əla formadadır: o, yaxın günlərdə Səmərqənddə keçirilən “Grand Swiss” turnirinin qalibi olub və namizədlər turnirinə vəsiqə qazanıb.

Azərbaycan komandasının heyəti Polşaya qalib gəldikləri (2,5:1,5) III turla müqayisədə dəyişməyib.

Əldə etdiyi yeganə qələbə ilə komandanın uğurunda əsas pay sahibi olan Eltac Səfərli bu dəfə güclü rəqib — Yordan Van-Forestlə qarşılaşacaq. Həmçinin Aydın Süleymanlı və Məhəmməd Muradlının qarşıdan gələn oyunlara qatılması nəzərdə tutulub.

Maraqlıdır ki, iki turdur Rauf Məmmədov heyətə daxil edilmir. Onun ikinci turda məğlub olması səbəbindən yığmamız Çexiya ilə heç-heçə etmişdi.

Qadınlardan ibarət Azərbaycan millisi isə bu gün Almaniya ilə qarşılaşacaq. Dünən Fransa ilə 2:2 hesablı heç-heçədən sonra heyətdə dəyişiklik edilib — Ayan Allahverdiyevanı bu dəfə Gülnar Məmmədova əvəzləyəcək.

Xatırladaq ki, hər iki yığmamız üç turun ardından beş xal toplayaraq turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.

Teymur Tuşiyev

İdman.biz