Şahmat tacı uğrunda ikinci partiya cəmi 20 gediş çəkdi

26 Noyabr 2026 01:46
35
Şahmat tacı uğrunda ikinci partiya cəmi 20 gediş çəkdi

İsveçrənin Cenevrə şəhərində hindistanlı dünya çempionu Dommaracu Qukeşlə özbəkistanlı Cavohir Sindarov arasında şahmat tacı uğrunda matçın ikinci partiyası da heç-heçə başa çatıb.

İdman.Biz xəbər verir ki, noyabrın 25-də keçirilən görüş təxminən iki saat davam edib və cəmi 20 gediş çəkib. Bu dəfə ağ fiqurlarla Qukeş oynayıb.

Hindistanlı qrossmeyster London sistemini seçsə də, Sindarov rəqibinin debüt üstünlüyünü neytrallaşdırıb. Partiya mövqenin üçqat təkrarlanması ilə yekunlaşıb. Beləliklə, ardıcıl ikinci heç-heçədən sonra matçda hesab 1:1 olub.

Qukeş görüşdən sonra nəticədən narazı olmadığını ifadə edib. Dünya çempionu matçın belə erkən mərhələsində əlavə riskə ehtiyac görmədiyini vurğulayıb.

Üçüncü partiya bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Bu dəfə ağ fiqurlar Sindarovda olacaq.

İdman.Biz