Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Şahmat Assosiasiyasının çempionatında noyabrın 24-nə nəzərdə tutulan görüşlər başa çatıb.
İdman.Biz xəbər verir ki, kişilərin yarışında Nicat Abasov səkkizinci turda özbəkistanlı Abdimalik Abdisalimovla heç-heçə edib, doqquzuncu turda isə Türkmənistan təmsilçisi Amanməhəmməd Hommadova qalib gəlib.
Məğlubiyyətsiz çıxışını davam etdirən qrossmeysterimiz beş qələbə və dörd heç-heçə sayəsində yeddi xal toplayıb. Abasov ən yaxın izləyicisi, qazaxıstanlı Denis Maxnevlə fərqi bir xal yarıma çatdırıb.
Qadınların mübarizəsində Gövhər Beydullayeva səkkizinci turda türkiyəli Gülənay Aydınla xalları bölüşüb. Təmsilçimiz doqquzuncu turda özbəkistanlı Guldona Kərimovanı məğlub edərək xalını 6,5-ə yüksəldib.
Beydullayeva əlavə göstəricilərə görə birinci pilləyə qalxıb. Macarıstanı təmsil edən Davaadəmbərəl Nomin Erdenenin də 6,5 xalı var. Qazaxıstanlı Elnaz Kaliaxmet altı xalla üçüncüdür.
Veteranların turnirində Vüqar Bayramov beşinci turda Türkmənistan təmsilçisi Karen Qriqoryana qalib gəlib. Xalını 2,5-ə çatdıran şahmatçımız beşinci pilləyə yüksəlib.
Noyabrın 25-də Abasov 10-cu turda Denis Maxnevlə, 11-ci turda isə macarıstanlı Adam Kozakla qarşılaşacaq. Beydullayevanın rəqibləri türkmənistanlı Lalə Şöhrədova və qazaxıstanlı Elnaz Kaliaxmet olacaq. Bayramov isə altıncı turda qırğızıstanlı Urmatbek Asanbekovla üz-üzə gələcək.
Qeyd edək ki, kişilərin və qadınların yarışları 14, veteranların turniri isə yeddi turdan ibarətdir.
