Lalə keçmiş dünya çempionuna qalib gəldi, Xaqan liderin seriyasını qırdı

25 Noyabr 2026 00:55
41
Lalə keçmiş dünya çempionuna qalib gəldi,  Xaqan liderin seriyasını qırdı

Azərbaycan şahmatçısı Lalə Hüseynova Venesuelanın paytaxtı Karakasda keçirilən U-20 dünya çempionatında ardıcıl üçüncü qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, təmsilçimiz yeddinci turda qara fiqurlarla argentinalı Kandela Fransiskonu 41-ci gedişdə məğlub edib. Rəqibi 2023-cü ildə qızlar arasında U-20 dünya çempionu olub.

Bu qələbə sayəsində xalını beşə çatdıran Lalə əlavə göstəricilərə görə altıncı pilləyə yüksəlib. Onun aktivində beş qələbə və iki məğlubiyyət var.

Açıq turnirdə mübarizə aparan Xaqan Əhməd isə ağ fiqurlarla hindistanlı lider Etan Vazla heç-heçə edib. Şahmatçımız əvvəlki altı görüşün hamısını qazanan rəqibinə çempionatda ilk xal itkisini yaşadıb.

Dörd qələbə və üç heç-heçə ilə məğlubiyyətsiz çıxışını davam etdirən Xaqan 5,5 xalla üçüncü pillədə qərarlaşıb. Təmsilçimiz 6,5 xalı olan Vazdan bir xal geri qalır.

Səkkizinci turda Xaqan Əhməd çinli Çjou Runyi ilə qarşılaşacaq. Lalə Hüseynovanın rəqibi isə FIDE bayrağı altında çıxış edən Qalina Mixeyeva olacaq.

İsveçrə sistemi üzrə 11 turdan ibarət çempionata noyabrın 27-də yekun vurulacaq.

İdman.Biz