Azərbaycan şahmatçıları Nicat Abasov və Gövhər Beydullayeva Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medala yaxınlaşıblar.
İdman.Biz xəbər verir ki, kişilərin yarışında Abasov 12-ci turda qazaxıstanlı Sauat Nurgaliyevlə, 13-cü turda isə türkiyəli Arda Çamlarla heç-heçə edib. Xalını 8,5-ə çatdıran qrossmeysterimiz liderliyini qoruyub.
Onun əsas rəqiblərindən qazaxıstanlı Denis Maxnev 13-cü turda özbəkistanlı Abdimalik Abdisalimova məğlub olub. Maxnev və Çamlar hərəyə 7,5 xalla Abasovun ən yaxın izləyiciləridir.
Qadınların mübarizəsində Beydullayeva 13-cü turda əsas rəqibi, Macarıstanı təmsil edən Davaadəmbərəl Nomin Erdeneyə qalib gəlib. Bu qələbə ilə xalını 9,5-ə yüksəldən şahmatçımız birinci pillədəki mövqeyini möhkəmləndirib. Nomin Erdene 8,5 xalla ikinci, qazaxıstanlı Elnaz Kaliaxmet səkkiz xalla üçüncüdür.
Noyabrın 27-də keçiriləcək sonuncu, 14-cü turda Abasov qırğızıstanlı Eldiyar Orozbayevlə, Beydullayeva isə qazaxıstanlı Zarina Nurgaliyeva ilə qarşılaşacaq. Turnir cədvəlindəki xal fərqinə əsasən, hər iki təmsilçimizə rəqiblərinin nəticələrindən asılı olmayaraq çempionluğu təmin etmək üçün heç-heçə kifayətdir.
Veteranların yarışında isə mübarizə başa çatıb. Azərbaycan təmsilçisi Vüqar Bayramov yeddi turdan 2,5 xal toplayaraq səkkiz iştirakçı arasında yeddinci yeri tutub. Beş xal toplayan qazaxıstanlı Pavel Kotsur turnirin qalibi olub.
