"Fransa ilə oyunun ağır olacağını bilirik. Ən önəmlisi rəqibə qarşı necə müdafiə olunacağımızdır".
Bu sözləri sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.
Sabiq yarımmüdafiəçi Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində Fransa yığmasına qarşı keçirəcəyi oyunla bağlı danışıb: "Əgər düzgün müdafiə olunsaq, böyükhesablı məğlubiyyət baş verməyəcək. İnanmıram ki, hansısa bir məşqçi Fransa ilə matçda açıq oyuna üstünlük versin. Rəqiblər arasında səviyyə fərqi böyükdür. Fransanın heyətində kimlərin oynadığını çox yaxşı bilirik. Meydanda bir futbolçu iki nəfərin əvəzinə qaçmalıdır ki, burada böyükhesablı məğlubiyyət qeydə alınmasın. Bu, bizim komandamızdır".
Sultanov yığmaya uğurlar arzulayıb: "İnanıram ki, tam fərqli bir milli komanda görəcəyik. Əslində çox söz deyə bilmirəm, hər nəticə qeydə alına bilər. Baxmayaraq ki, yaxşı müdafiə olunsaq belə, onlar bir boşluq tapıb hücum təşkil edəcəklər. İstəyimiz odur ki, futbolçularımız yaxşı oyun sərgiləsinlər".
Qeyd edək ki, Fransa - Azərbaycan görüşü bu gün "Park de Prens" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.