“Klublarla danışıq gedir. Milli komandalara görə yaranmış fasilə zamanı alınsa, yoldaşlıq görüşü keçirəcəyik.”
Bu sözləri sport24.az-a açıqlamasında “Karvan-Yevlax”ın baş məşqçisi Azər Həşimov deyib.
Baş məşqçi komandasının son turlarda uğursuz çıxışını şərh edib: “Fasilə zamanı kifayət qədər vaxtımız var. ‘Sabah’la oyunda buraxdığımız səhvlərimizin üzərində işləyəcəyik. Çalışacağıq komandanı fiziki, taktiki cəhətdən daha yaxşı vəziyyətə gətirək. Komandanın ‘qara zolaq’da olduğunu deyə bilmərəm. 5 oyuna 1 heç-heçə? Həmin vaxtda keçirdiyimiz oyunlarda zədəli futbolçularımız çox idi. Komanda normal futbol oynayır. Tək ‘İmişli’ ilə matçda döyüşmədən uduzduq. Digərləri ilə başa-baş mübarizə aparmışıq. Mənə görə, heç bir ‘qara zolaq’dan söhbət gedə bilməz.”
Qeyd edək ki, “Karvan-Yevlax” Misli Premyer Liqasında 7 turdan sonra 5 xalla 10-cu pillədə qərarlaşıb.