Fransa yığmasının baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Parisdə Azərbaycan millisinə qarşı keçiriləcək oyundan öncə mətbuat konfransında danışıb.
İdman.Biz xəbər verir ki, o, Azərbaycan futbolçularının son ev oyununda Ukraynaya qarşı qazandıqları 1:1 nəticəsindən sonra yüksək əhval-ruhiyyədə olduqlarını və meydanda bütün güclərini göstərəcəklərini bildirib.
57 yaşlı mütəxəssis komandasının qapısı önündə təhlükəli vəziyyətlərə imkan verməyəcəyini vurğulayıb: “Meydanda “100 faiz qələbə qazanacağıq” düşüncəsi ilə çıxmamalıyıq. Rəqibin heyətində bu mövsüm Çempionlar Liqasına uğurla başlayan “Qarabağ”dan yeddi futbolçu var. Müdafiəni yarmaq üçün yollar tapmalıyıq”.
Deşam əlavə edib ki, hazırda yalnız sabahkı matçı düşünür və eyni oyunçuları meydana çıxarmaq fikrində deyil.
Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa - Azərbaycan oyunu oktyabrın 10-da “Park de Prens” stadionunda Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.