"Seşmə mərhələdəki əvvəlki qarşılaşmada - Ukrayna ilə Bakıda keçirilən matçda (1:1) əzmkarlıq hesabına xal qazanmışdıq. Fransa kimi millilərlə oyunlarda isə nəticə qazanmaq üçün yalnız əzmkarlıq kifayət etmir. Bir qədər də bəxtin bizim tərəfimizdə olması vacibdi".
Bunu fanat.az-a açıqlamasında seçmənin və "Qarabağ"ın sabiq futbolçusu Aslan Kərimov Azərbaycan millisinin DÇ-2026-nın seçmə mrəhələsi çərçivəsində Fransaya qarşı keçirəcəyi oyunu şərh edərkən deyib.
Futbol mütəxəssisi bildirib ki, bu qarşılaşmada erkən qol buraxmamaq çox vacib şərtdir: "Bəlli məsələdir ki, Ukrayna da oyun planında bizi üstələmişdi. Nadir hücumlarımızın birində penalti qazandıq və qol vurduq. Əminəm ki, futbolçularımız son damla tərlərinə qədər mübarizə aparacaqlar. Ayxan Abbasovun oyunçuları bu qarşılaşmaya psixoloji cəhətdən hazırlaya biləcəyinə şübhə etmirəm. Amma Fransa seçməsi dünyanın ən yaxşı futbolçularından ibarət komandadır. Qeyd etdiyim kimi, belə rəqiblə matçlarda yalnız vuruşmaqla xal qazanmaq olmur. Nə qədər əzmkar olsan da, rəqib texniki imkanlar baxımından səni üstələyirsə, yekunda məğlub olursan. Bu başqa məsələ ki, sonadək oyundan "qopmamaq" və erkən qol buraxmamaq çox vacib şərtdir. Qol buraxsaq belə, ruhdan düşməməli, mübarizəni davam etdirməliyik. Oyunçularımız buna hazır olmalıdırlar".
Aslan Kərimov oyunun nəticəsi barədəd də fikirlərini bölüşüb: "Hesab barədə nəsə demək isə çətindir. "Park de Prens"də məğlub olacağımız gözlənilən nəticədir. Başqa sözlə, uduzmağımız heç kimi təəccübləndirməyəcək.Həmin matçdan üç gün sonra Polşanın Krakov şəhərində Ukrayna millisi ilə qarşılaşacağıq. İki belə ağır matç keçirmək asan iş deyil. Onu da nəzərə alaq ki, Ukrayna Bakıdakı oyunda itirdiyi xalın əvəzini çıxmaq üçün bizə qarşı ikiqat motivasiya ilə mübarizə aparacaq".