Madrid “Real”ının yarımmüdafiəçisi Cud Bellinqem oktyabr ayındakı oyunlar üçün İngiltərə millisinin heyətinə daxil edilməməsini xahiş edib.
İdman.biz “Marca”ya istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Tomas Tuxel 24 nəfərlik siyahını açıqlayarkən Bellinqemin adının orada olmadığını təsdiqləyib.
Məlumata görə, futbolçu çiyin əməliyyatından tam bərpa olunsa da, özünü hələ tam hazır hiss etmir. Buna görə də o, yaxın günlərdə keçiriləcək Uels və Latviya ilə oyunlarda iştirak etmək istəməyib.
Milli komandalara ayrılacaq fasilə dövründə Bellinqem Madriddə qalacaq və baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında qısa “mini-mövsümöncəsi hazırlıq” keçəcək. İngiltərə Futbol Federasiyası futbolçunun qərarına anlayışla yanaşıb və onu məcbur etməyin düzgün olmayacağını bildirib.
Qeyd edək ki, İngiltərə yığması oktyabrın 9-da “Uembli”də Uelslə, 14-də isə Latviyada növbəti oyunlarını keçirəcək.