"Mançester Yunayted"in yarımmüdafiəçisindən Amorimə DƏSTƏK

Xəbərlər
5 Oktyabr 2025 14:10
28
"Mançester Yunayted"in yarımmüdafiəçisindən Amorimə DƏSTƏK

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim hələlik bir qədər nəfəs ala bilər.

İdman.biz xəbər verir ki, İngiltərə Premyer Liqasının 7-ci turunda “qırmızı şeytanlar” səfərdə “Sanderlend” üzərində 2:0 hesablı qələbə qazanıblar.

Qolları Mejson Maunt və komandanın yeni transferi Benxamin Şeşko vurub.

Bu nəticə “Yunayted” üçün cari mövsümdə cəmi üçüncü qələbə olub və Amorimin üzərindəki təzyiqi müəyyən qədər azaldıb. Portuqaliyalı mütəxəssisin gələcəyi klubda hələ də müzakirə mövzusudur.

Matçdan sonra Maunt baş məşqçiyə dəstəyini ifadə edib: “Baş məşqçimizə 100 faiz inanırıq. Bizi məyus edən nəticələr olmuşdu, amma bu gün qalib gəlmək vacib idi. İrəli baxmaq və yüksək yerlər uğrunda mübarizə aparmaq istəyirik.”

Yarımmüdafiəçi əlavə edib ki, komanda yığma oyunlarından sonra qələbə seriyasına başlamaq niyyətindədir: “’Çelsi’ ilə matçdan sonra yeni mərhələnin başlanacağını düşünürdük, amma xal itirdik. İndi hər şey bu gündən başlayır. İki, üç qələbə dalbadal qazanıb ilk “dördlüyə” qayıtmaq istəyirik.”

Qeyd edək ki, “Mançester Yunayted” növbəti oyununu oktyabrın 19-da səfərdə İngiltərə çempionu “Liverpul”a qarşı keçirəcək.

İdman.biz