Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov klublarımızın Çempionlar Liqasında zəif çıxış etdiklərini düşünmür.
İdman.biz-in məlumatına görə, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
Xatırladaq hər üç klubumuz - “Aznur”, “Birbaşa Bakı” və “Zirə” turnirdə çıxışlarını dayandırıblar.
Nəsibov “Aznur”, “Birbaşa Bakı” və “Zirə”nin turnirdəki oyunlarına baxdığını deyib: “Daha çox gözləntilərimiz “Birbaşa Bakı” və “Zirə” klubundan idi. “Aznur” da özünü yaxşı tərəfdən göstərmişdi. Böyük ümidlər var idi. Burada dünya çempionu olan millimizin üzvləri var idi. Zəif çıxış etdiklərini düşünmürəm. Bəxtsizlik oldu. Penaltilər seriyası həlledici rol oynadı. Düşünürəm ki, qarşıdakı illərdə komandalarımızdan biri Çempionlar Liqasının qalibi ola bilər”.
AMF rəsmisi Bakıdakı dünya çempionatının da klubların çıxışına təsirini istisna etməyib: “Tam olaraq bunun üzərində dayanmırıq. Komandalarımız yaxşı çıxış etdilər. Favoritlər siyahısında idilər”.
O, qarşıdakı Avropa çempionatındakı hədəflərdən söz açıb: “Psixoloji hazırlıq çox önəmlidir. Məşqçilər bunun üzərində çalışmalıdırlar. Rahat olmalı deyilik. Dünya çempionu olmuşuqsa, bununla kifayətlənməməliyik. Titullarımızın sayını artırmaq niyyətindəyik”.