Danimarka mediası “Qarabağ”ın qələbəsi barədə: “Kopenhagen” Bakıda meydandan silindi” – İCMAL

Xəbərlər
2 Oktyabr 2025 16:13
75
Danimarka mediası “Qarabağ”ın qələbəsi barədə: “Kopenhagen” Bakıda meydandan silindi” – İCMAL

Danimarkalı jurnalistlər Bakıda keçirilən oyunun ilk hissəsində komandalarının zəif çıxışını və “Qarabağ”ın üstünlüyü barədə paylaşıblar ediblər.

İdman.biz xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Qarabağ”ın “Kopenhagen” üzərində (2:0) qələbəsindən sonra Danimarka mətbuatı yekdil fikirdədir: meydan sahibləri xalları tam haqqı ilə qazandılar. “Qarabağ” ilk hissədə fürsətlərdən maksimum yararlandı, fasilədən sonra isə danimarkalıların düzgün dəyərləndirmədikləri anları qolla taclandırdı.

Bold.dk saytı məğlubiyyəti “Bakıda uğursuzluq” kimi dəyərləndirərək yazıb ki, “Kopenhagen” ilk 45 dəqiqədə zəif təsir bağışladı, Ueskasın erkən zədəsi və meydan sahiblərinin ardıcıl yaratdığı təhlükəli epizodlar oyunun taleyinə ciddi təsir göstərdi.

Danimarkalı jurnalistlərin qeyd etdiyinə görə, ikinci hissədə oyunu bir qədər yaxşılaşdırmalarına baxmayaraq, nəticəni dəyişə bilmədilər. “Qarabağ” isə üstünlüyünü Addainin qolu ilə möhkəmləndirdi.

Qonaqların hücumçusu Məhəmməd Elyunussi də müsahibəsində etiraf edib ki, “Qarabağ” futbolu sürətlə oynayır, topu tez ötürür. Bu taktika isə FCK oyunçularının müdafiədə gecikməsinə səbəb olub və onlar “Qarabağ”ın sürətinə uyğunlaşa bilməyiblər.

Nəşrin icmalında bildirilir ki, ağdamlılar oyunun ilk dəqiqələrindən təzyiqi artırıblar və yaranan imkandan ustalıqla istifadə ediblər.

“Tipsbladet”dəki məqalədə isə qeyd edilib ki, “Kopenhagen” ilk hissədə meydandan tamamilə “silinib” və maksimum olaraq yalnız qapı dirəyinə dəyən zərbə ilə yadda qalıb.

Danimarka mediasının ortaq fikri budur ki, meydan sahiblərinin qələbəsi tamamilə ədalətli idi. “Qarabağ” Çempionlar Liqasına ideal start verib – mümkün 6 xaldan 6-nı qazanıb.

Xatırladaq ki, “Qarabağ” əsas mərhələnin III turunda oktyabrın 22-də səfərdə İspaniyanın “Atletik Bilbao” komandası ilə qarşılaşacaq.

Teymur Tuşiyev

İdman.biz