“Neftçi” haqqında danışmayacağam” - Sadıq Sadıqovun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ + FOTO

Müsahibə
1 Oktyabr 2025 16:36
110
“Neftçi” haqqında danışmayacağam” - Sadıq Sadıqovun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ + FOTO

“Neftçi” İdman Klubunun rəhbəri həyatının ən xoşbəxt anlarından danışıb.

Onu müsahibəyə razı salmaq çox çətindir. O, həmişə öz yerinə klubun idmançıları və ya məşqçilərinin danışmasını təklif edir. “Medalları onlar qazanırlar, mən yox” – deyə hər dəfə müsahibə üçün imkan yarananda cavab verir. Halbuki, onun rəhbərliyi altında çalışan bütün idmançılar və məşqçilər bir ağızdan bildirirlər: “Sadıq müəllim “Neftçi”nin inkişafı üçün çox iş görüb və görməkdədir”.

III MDB Oyunları zamanı İdman.biz fürsətdən istifadə edərək “Neftçi” İdman Klubunun rəhbəri Sadıq Sadıqovla söhbətləşib.

– Siz III MDB Oyunlarının fəxri qonaqlarındansınız, açılış mərasimində iştirak etmisiniz və yarışları yaxından izləyirsiniz. İlk təəssüratlarınız nələrdir?

– Bu turnir bu ilki idman təqvimimizin ən mühüm yarışlarından biridir. Mən bir idman mütəxəssisi olaraq, bütün müddət ərzində (açılışdan bağlanışa qədər) yarışları izləmək üçün ezam olunmuşam. Artıq 30 ildir idmandayam, məni çox şey təəccübləndirə bilməz, amma deyə bilərəm ki, Oyunların açılış mərasimi sadəcə möhtəşəm idi. Tədbir paytaxtda deyil, bölgədə keçirilsə də, olduqca miqyaslı və yaddaqalan alındı. Biz göstərdik ki, bu cür yarışları təkcə paytaxtda deyil, regionlarda da yüksək səviyyədə təşkil edə bilirik. Əbəs yerə deyil ki, Azərbaycan həm idman dövləti, həm də müxtəlif idman növlərində beynəlxalq yarışları yüksək səviyyədə təşkil edə bilən ölkə kimi tanınır.

– “Neftçi” İdman Klubunun rəhbəri olaraq artıq qürur duyduğunuz uğurlar varmı?

– Hesab edirəm ki, var. Sambo üzrə üç idmançımız tam medal dəsti qazandı: Sadıq Nədirov bürünc, Rəsul Səmədli gümüş, Nihad Rəhimov isə Oyunların çempionu oldu. Bundan əlavə, klubumuzun idmançıları boks, atıcılıq, sərbəst və qadın güləşi, həmçinin cüdo və qılıncoynatmada da təmsil olunurlar. Əminəm ki, samboçularımızın uğuru ilə kifayətlənməyəcəyik, çünki demək olar ki, hər bir idmançımız medal qazanmağa qadirdir.

– Artıq 30 ildir idman sahəsindəsiniz. Bu müddətdə həyatınızda ən çox yadda qalan üç idman hadisəsini bizimlə bölüşə bilərsinizmi?

– Birincisi, təbii ki, “Neftçi” İdman Cəmiyyətinə rəhbər təyin olunduğum gündür. Rafiq Bünyadov və Rauf Əliyev kimi şəxslərdən sonra bu vəzifəni daşımaq mənim üçün çox böyük şərəf idi.

İkinci hadisə – yetirməmiz Elnur Məmmədlinin Olimpiya çempionu olduğu gündür. O vaxt məni çoxları tanımırdı, Olimpiadaya isə nümayəndə heyətinin ikinci heyəti ilə göndərmişdilər. Təəssüf ki, onun qələbəsini televizordan, Bakıda izlədim. Amma bu, mənim üçün ən qürurlu və xoşbəxt anlardan biri idi. Çünki Elnur hələ yola düşməzdən əvvəl mənə söz vermişdi ki, Olimpiya çempionu olacaq və vədinə əməl etdi.

– Bəs üçüncü hadisə?

– Məncə, ikisi kifayətdir. Futbol üzrə “Neftçi” ilə bağlı məndən nəsə eşitmək istəyirsinizsə, deməliyəm ki, bu, baş verməyəcək (gülür). Mən dəfələrlə demişəm: futbol üzrə “Neftçi” mövzusu mənim üçün qapalıdır. Amma bir gün “Neftçi” yenidən Avropa Liqasının əsas mərhələsinə düşsə, bu, mənim üçün ən xoşbəxt anlardan biri olacaq. Çünki bizim nəsil uşaqlıqdan bu kluba azarkeşlik edib.

– Yaxşı, futbol mövzusunu kənara qoyaq. Gəlin sizin Cüdo Federasiyasındakı fəaliyyətinizdən danışaq.

– Dediyim kimi, həyatımın ən xoşbəxt anlarından biri də cüdo ilə bağlıdır. Mən 8 il Azərbaycan Cüdo Federasiyasında icraçı vitse-prezident vəzifəsində çalışmışam. Əsas məqsədimiz cüdonun kütləviləşməsinə nail olmaq idi. Əgər bu sahədə bu gün ən azı 1 faiz də bizim zəhmətimizin payı varsa, bununla qürur duya bilərik. Paris Olimpiadasının hər iki çempionu bizə yad deyil. Hidayət Heydərov uşaqlıqdan “Neftçi” İdman Cəmiyyətinin üzvüdür, Zelim Kotsoyev isə yaxın vaxtlara qədər “neftçili” idi. Onun da formalaşmasında klubumuzun böyük rolu olub. Ümumilikdə, klubumuzun aparıcı cüdoçuları həmişə ən yaxşılar sırasında olublar. Əminəm ki, III MDB Oyunlarında da bu belə olacaq.

Vüqar Vüqarlı

İdman.biz