Mədət Quliyev "Gənc Peşəkar Velosipedçilər"in fəxri sədri seçilib

Xəbərlər
25 Sentyabr 2025 20:02
61
Mədət Quliyev "Gənc Peşəkar Velosipedçilər"in fəxri sədri seçilib

Mədət Quliyev "Gənc Peşəkar Velosipedçilər" İctimai Birliyinin (İB) fəxri sədri seçilib.

İdman.biz "Report"a istinadən xəbər verir ki, bu, İB-in növbəti təqdimat mərasimində açıqlanıb.

Yığıncaqda "Gənc Peşəkar Velosipedçilər" İctimai Birliyinin məram və məqsədləri, gələcək fəaliyyət istiqamətləri, eləcə də müsabiqə üzrə qalib olduğu qrant layihələri, respublika əhəmiyyətli və beynəlxalq idman yarışlarında əldə etdiyi naliyyətlər barədə ətraflı məlumat verilib.

Tədbirdə Təhlükəsizlik Şurası katibinin müavini, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev, İB-nin sədri Vüqar Salahov, Azərbaycan Triatlon Federasiyasının vitse-prezidenti Rüfət Həsənov, Olimpiya çempionları Elnur Məmmədov və Hidayət Heydərov, Olimpiya Oyunlarının bürünc və gümüş medalçısı, dördqat Avropa çempionu Hacı Əliyev və dəvət olunan digər qonaqlar çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafı, beynəlxalq idman yarışlarının təşkili, respublikanın idman nüfuzunun artırılması, gənclərin sağlam və vətənpərvər ruhda yetişdirilməsi istiqamətində həyata keçirdikləri misilsiz xidmətləri qeyd ediblər.

Tədbirin aparıcısı, İB-nin üzvü Firdovsi Kərimov ümumi yığıncağın qərarı ilə Mədət Quliyevin "Gənc Peşəkar Velosipedçilər" İB-nin fəxri sədri seçildiyini elan edib, Azərbaycan velosiped idman tarixində ilk dəfə olaraq Türkiyənin Ankara şəhərində keçirilən nüfuzlu "GranFondo Başkent" beynəlxalq velosiped yarışında İB-nin üzvü Natalya Vallekin 1-ci yeri qazandığını və İB-nin məşqçisi Musa Mikayılzadənin dəfələrlə müxtəlif turnirlərdə uğurla çıxış etdiyini diqqətə çatdırıb.

Sonra İB-nin nizamnaməsinə uyğun gələcək fəaliyyət planı üzrə hədəflər müəyyən edilib.

İdman.biz