Nicat Abasov: “Həmin yarışa getməsəydim, daha yaxşı olardı” - MÜSAHİBƏ

Xəbərlər
27 Noyabr 2023 11:06
206
Nicat Abasov: “Həmin yarışa getməsəydim, daha yaxşı olardı” - MÜSAHİBƏ

Azərbaycanlı şahmatçı Nicat Abasovun İdman.biz saytına müsahibəsi

- Komandalararası Avropa çempionatında 38 komanda arasında 18-ci yeri tutduz. Halbuki yarışın reytinq-favoriti idiz. Uğursuz çıxışın səbəbini nədə görürsünüz?

- Şahmatda hər zaman xoşagəlməz nəticələrə hazır olmalısan. Bu yarışa optimal olaraq hazırlaşa bilmədik. Komanda yarışlarında hər zaman əsas xal gətirən şahmatçı olur. Təəssüf ki, bu yarışda elə idmançımız yox idi. Yalnız Rauf Məmmədovun çıxışını qənaətbəxş hesab etmək olar. Amma onun da pik forması daha yaxşı nəticələrə qadirdir. Teymur Rəcəbovun praktikası az idi. Bu turnirə qədər çox az yarışda çıxış edib. Nə qədər hazırlıqlar olsa da, praktikanın olmaması nəticəyə də təsir edir. Şəhriyar Məmmədyarovun isə fiziki durumu uğurlu çıxış etməsinə mane oldu.

- Komandada ən az xal toplayan şahmatçılardan oldun. Bəs sənin zəif oynamağın nə ilə bağlı idi?

- Bunun əsas səbəbi son zamanlar çox yarışda iştirak etməyim oldu. Fiziki olaraq Avropa çempionatında yaxşı oynamağın enerjim çatmadı. Bundan öncə çıxış etdiyim “Grann Swiss” turniri təqvimində bir qədər artıq oldu. Yarışdan sonra düşünəndə deyə bilərəm ki, Men adasında keçirilən turnirə getməsəydim, daha yaxşı olardı.

- Vasif Durarbəyli və sən komandada ən gənc şahmatçılar sayılırsız. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun uğursuz çıxışı sizin psixoloji durumunuza təsir etdimi?

- Gənc olmağımıza baxmayaraq, hər ikimiz kifayət qədər təcrübəli şahmatçılarıq. Komanda yoldaşlarımızın nəticələrindən aslı olmayaraq əlimizdən gələni etməyə çalışırıq. Buna baxmayaraq, VI turda medal şanslarımızı itirdikdən sonra motivasiyadan düşdük. Bu da anlaşılandır. Çünkü biz medal üçün yarışa yollanmışdıq. Əfsuslar olsun ki, alınmadı. Uğursuzluqdan nəticə çıxatmağa çalışacağıq.

- Avropa çempionatında ən yaddaqalan görüş sizin üçün hansı oldu? Hansı qarşılaşmada uğursuzluq çıxışınıza təsir etdi?

- Ən yaddaqalan görüş Danimarkaya qarşı oldu. Şəhriyar Məmmədyarov açıq üstün olduğu qarşılaşmada ani bir səhvə yol verərək oyunu bərabərliyə gətirdi. Bundan sonra riskə gedərək məğlub oldu və turnirə pozitiv başlamaq yerinə məğlub kimi start verdik. IV turda isə eyni hadisə mənim başıma gəldi. Xorvatiya ilə görüşdə məğlub olduq və uduzan şahmatçılardan biri də mən oldum. Demək olar ki, rəqibimi mat vəziyyətinə salmışdım, amma ani diqqətsizliyim uduş vəziyyətimi məğlubiyyətə çevirdi. Əslində, şahmatda bəxt amilinə inanmıram. Amma idman şansı bizdən üz döndərdi.

- Komandanın oyunlar üzrə bölgüsü haqqında nə deyə bilərsən? Oynamadığın matçlarda olsaydın fərqli nəticələr mümkün idi?

- Baş verənlərə sonradan nəzər saldıqda bölgü başqa cür olsaydı, fərqli nəticə əldə edə bilərdik düşüncəsi yaranır. Amma qeyd etməliyəm ki, hər oyuna çıxan heyəti biz komanda şəklində məsləhətləşərək seçirdik. Kim oynamaq, kim istirahət etmək istəyirdi, onu da özümüz seçirdik. Təbii ki, yekun qərarı kapitan verirdi. O an üçün verdiyimiz qərarlar məncə düzgün idi. Çalışacağıq ki, nöqsanları aradan qaldıraq və gələcək yarışda belə nəticənin əvəzini çıxa bilək.

Emin Ağa

İdman.biz