Şahmat üzrə media turniri keçirilib - FOTO

Xəbərlər
14 İyul 2025 12:37
43
Şahmat üzrə media turniri keçirilib - FOTO

22 iyul – Milli Mətbuat Günü münasibətilə Gənclər və İdman Nazirliyi, həmçinin Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə media nümayəndələri arasında şahmat turniri keçirilib.

İdman.biz xəbər verir ki, Respublika Şahmat Mərkəzində təşkil olunan yarışda 21 media nümayəndəsi təmsil olunub.

Bağlanış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Aqşin Fərəcov, Respublika Şahmat Mərkəzinin direktoru Elşən Məmmədov və idman jurnalisti Sənan Şəfizadə Milli Mətbuatın 150 illiyi münasibətiylə media əməkdaşlarını təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Reqlamentə əsasən, “A” və “B” qrupları üzrə keçirilən yarışda hər oyuna 5 dəqiqə vaxt verilməklə hər gedişə 5 saniyə əlavə olunub. Hər qrup üzrə ilk üç yeri tutan iştirakçılara pul mükafatı və qiymətli hədiyyələr verilib. “B” qrupunda Kamran Hacı və Sərxan Musalı müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb. İlkin Xəlilov 9 oyunda 8 xal toplayaraq “B” qrupunda 1-ci yeri tutub.

“A” qrupunda İlkin Vidadioğlu üçüncü yerdə qərarlaşıb. Liderdən yarım xal geri qalan Siyavuş Əliyev yarışı ikinci pillədə başa vurub. 10 turda 8,5 xal toplayan Əlixan Babayev “A” qrupunda qalib adını qazanıb.

Bağlanış mərasimində yarışın keçirilməsində göstərdiyi dəstəyə görə Respublika Şahmat Mərkəzinin direktoru Elşən Məmmədova təşəkkürnamə təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası hər il ənənəvi olaraq jurnalistlər arasında şahmat yarışları təşkil edir. Sözügedən turnir sayca yeddinci yarış olub.

İdman.biz