Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Monteneqronun Budva şəhərində keçirilən şahmat klubları arasında Avropa Kubokunda Türkiyənin “Bayegan Pendik Chess Sports Club” komandasının heyətində çıxışını davam etdirir.
İdman.Biz xəbər verir ki, yarışın ikinci turunda Türkiyə təmsilçisi Serbiyanın “Srvena Zvezda” klubunu 5:1 hesabı ilə məğlub edib.
2710 reytinq xalına malik Məmmədyarov üçüncü lövhədə təcrübəli qrossmeyster Suat Atalıkla (2371) qarşılaşıb və qələbə qazanıb.
“Bayegan Pendik”in heyətində yeganə məğlubiyyəti iranlı qrossmeyster Məhəmməd Əmin Təbətəbai alıb. O, Temur Kuybokarova uduzub. Digər beş partiyanın hamısında Türkiyə klubunun şahmatçıları üstün olublar.
Xatırladaq ki, ilk turda “Bayegan Pendik” İngiltərənin “Blackthorne” komandasını 6:0 hesabı ilə məğlub edib. Həmin görüşdə Məmmədyarov Kris Dankana qalib gəlib.
Beləliklə, Türkiyə klubu ilk iki turda keçirdiyi hər iki komanda matçını qazanıb və 12 fərdi partiyadan 11-də qələbə əldə edib.
“Bayegan Pendik” iştirakçılarının orta reytinqinə görə (2715) turnirin əsas favoritidir. Komandanın heyətində Məmmədyarovla yanaşı, Aniş Giri, Rixard Rapport, Ediz Gürəl, Volodar Murzin və digər tanınmış qrossmeysterlər yer alırlar.
Avropa Kuboku oktyabrın 17-dən 23-dək Budvada keçirilir. Açıq kateqoriyada 108, qadınların yarışında isə 22 komanda mübarizə aparır. Turnir İsveçrə sistemi üzrə yeddi turdan ibarətdir.
Üçüncü turun oktyabrın 19-da keçirilməsi nəzərdə tutulub.
