Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə klublararası Avropa Kubokunda Azərbaycan təmsilçiləri mübarizəyə qələbə ilə başlayıblar.
İdman.Biz xəbər verir ki, kişilərin yarışında “Vüqar Həşimov” klubu ilk turda Niderlandın “Verden” komandasını 6:0 hesabı ilə məğlub edib.
Azərbaycan təmsilçisinin heyətində Aydın Süleymanlı, Xəzər Babazadə, Şiroğlan Talıbov, Read Səmədov, Vüqar Manafov və Kənan Qarayev qələbə qazanıblar.
Qadınların mübarizəsində “Odlar Yurdu” İsveçin “Vasa” klubunu 4:0 hesabı ilə üstələyib. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova rəqiblərinə qalib gəliblər.
Azərbaycan klubları yarışın reytinq siyahısında ilk onluqda yer alırlar. “Odlar Yurdu” 22 komanda arasında beşinci, “Vüqar Həşimov” isə 108 kollektiv arasında səkkizinci sıradadır.
Kişilərin yarışında reytinq favoriti Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun da çıxış etdiyi Türkiyənin “Beyegan Pendik” klubudur.
İsveçrə sistemi üzrə yeddi turdan ibarət Avropa Kuboku oktyabrın 23-də başa çatacaq.
Qeyd edək ki, Budvada keçirilən Avropa Kuboku iştirakçı sayına görə rekordla əlamətdardır. Turnirdə ümumilikdə 130 klub mübarizə aparır. Onlardan 108-i açıq, 22-si isə qadınların yarışında çıxış edir. “Odlar Yurdu” qadınlar arasında reytinqə görə beşinci komandadır.
