Ülviyyə Fətəliyeva: “Gələcəyin şahmat ustaları ilə oynamaq məni də həyəcanlandırır” - VİDEO

8 Oktyabr 2026 13:59
99
Ülviyyə Fətəliyeva: “Gələcəyin şahmat ustaları ilə oynamaq məni də həyəcanlandırır” - VİDEO

“Uşaqların təcrübəli şahmatçılarla vaxt keçirməsi, onlarla şahmat oynaması onlar üçün böyük stimuldur”.

İdman.Biz xəbər verir ki, bu sözləri şahmat üzrə Avropa çempionu Ülviyyə Fətəliyeva bu gün gənc şahmatçılar üçün keçirilən seansda jurnalistlərə açıqlamasında söyləyib.

Tədbir Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının birgə təşəbbüsü ilə baş tutub.

Ülviyyə Fətəliyeva söyləyib ki, tədbirdə gələcəkdə Avropa və dünya çempionatlarında ölkəmizi təmsil edə biləcək potensial şahmatçılar var.

“Gələcəyin şahmat ustaları ilə oynamaq məni də həyəcanlandırır. Ümid edirəm ki, tədbirimiz uşaqlarımız üçün faydalı olar. Gələcəkdə oxşar seansların keçirilməsini istərdim”.

Ülviyyə Fətəliyeva Azərbaycanda qadın şahmatının son vəziyyətini də qiymətləndirib.

“Azərbaycanın qadın şahmatçıları uzun illərdir turnirlərdən medallarla qayıdırlar. Ötən il dünya çempionatında ilk dəfə ikinci yerə çıxdıq. Daha əvvəl isə Avropa çempionatında ikinci yerə layiq görülmüşdük. Bütün bu nəticələr onu göstərir ki, Azərbaycanda qadın şahmatı inkişaf edir. Ümid edirəm ki, uğurlarımız davamlı olar”, – deyə Ülviyyə Fətəliyeva vurğulayıb.

Ülviyyə Fətəliyeva 2024-cü ildə qadınlar arasında Avropa çempionatının qalibi olub. O, həmçinin Azərbaycan yığmasının heyətində Avropa çempionatında komanda hesabında gümüş medal qazanıb.

Hazırda Azərbaycanın ən güclü qadın şahmatçılarından biri olan Fətəliyeva ölkəmizi dünya və Avropa səviyyəli yarışlarda uğurla təmsil edir.

İdman.Biz