Azərbaycan şahmatçıları Xaqan Əhməd və Lalə Hüseynova Venesuelanın paytaxtı Karakasda keçirilən 20 yaşadək gənclər arasında dünya çempionatında ardıcıl ikinci qələbələrini qazanıblar.
İdman.Biz xəbər verir ki, açıq turnirin ikinci turunda Xaqan Əhməd perulu Fabian Rikardo Reyes Zavaletanı məğlub edib.
Qızların yarışında mübarizə aparan Lalə Hüseynova isə paraqvaylı Renata Valentina Mayereqqer Qonsalesə qalib gəlib.
İki turun yekununda hər iki şahmatçımızın aktivində iki xal var. Əlavə göstəricilərə görə Xaqan dördüncü, Lalə isə yeddinci pillədə qərarlaşıb.
Üçüncü turda Xaqanın rəqibi belçikalı Amir Zuaqi, Lalənin rəqibi isə FIDE bayrağı altında çıxış edən Diana Xafizova olacaq.
İsveçrə sistemi üzrə 11 turdan ibarət dünya çempionatına noyabrın 27-də yekun vurulacaq.
