Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun Budapeştdə keçirilən “Total Chess World Championship Tour Pilot 2026” turnirində Levon Aronyanla qarşılaşması yekunlaşıb.
İdman.Biz xəbər verir ki, 13-16-cı yerlər uğrunda keçirilən duelin qalibi armageddon partiyasında müəyyənləşib. Ağ fiqurlarla oynayan təmsilçimiz ABŞ şahmatçısına məğlub olub.
Məmmədyarov noyabrın 17-də keçirilən ilk oyun gününü 11:9 hesablı qələbə ilə tamamlasa da, ikinci gündə 6.5:13.5 hesabı ilə uduzub.
Şəhriyar bu gün dörd blits partiyasında bir heç-heçə edib, üç dəfə məğlub olub. İki rapid görüşündə isə bir heç-heçə və bir məğlubiyyət qeydə alınıb. Günün sonuncu, sürətli klassika partiyası heç-heçə başa çatıb.
Reqlamentə əsasən, hər günün nəticəsi ayrıca hesablandığından tərəflərin bir gün qalib gəlməsi həlledici armageddon partiyasını zəruri edib. Bu görüşdə üstün olan Aronyan 13-14-cü yerlər uğrunda oynamaq hüququ qazanıb.
Məmmədyarov isə noyabrın 19-20-də 15-16-cı yerlər uğrunda almaniyalı Vinsent Keymerlə qarşılaşacaq.
