Turlov və Anand Səmərqənddə avtoqraf sessiyası keçiriblər - İDMAN.BİZ SƏMƏRQƏNDDƏN + VİDEO

24 Sentyabr 2026 16:03
90
Turlov və Anand Səmərqənddə avtoqraf sessiyası keçiriblər - İDMAN.BİZ SƏMƏRQƏNDDƏN + VİDEO

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti vəzifəsinə namizəd Timur Turlov və təşkilat rəhbərinin müavini vəzifəsinə namizəd Vişvanatan Anand Səmərqənddə avtoqraf sessiyası keçiriblər.

İdman.Biz-in Səmərqəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, görüş 46-cı Ümumdünya Şahmat Olimpiadası və FIDE Konqresi çərçivəsində keçirilən tədbirlər zamanı baş tutub.

Həmin gün Səmərqənddə “FIDE Summit on Chess in Education 2026” (“FIDE-nin təhsildə şahmat sammiti”) də keçirilir. “Every Lesson Counts” (“Hər dərsin əhəmiyyəti var”) devizi altında təşkil olunan tədbir 24 sentyabrda Silk Road by Minyoun otelində keçirilir.

Sammit müxtəlif ölkələrdən şahmat federasiyalarının nümayəndələrini, təhsil sahəsi üzrə mütəxəssisləri, tədqiqatçıları və ekspertləri bir araya gətirib. Tədbirin əsas spikerləri arasında Anand və Turlov da yer alıblar. Əsas mövzulardan biri şahmatın təhsil proqramlarındakı rolu və bu istiqamətin müxtəlif ölkələrdə gələcək inkişafı olub.

Qazaxıstan Şahmat Federasiyasına rəhbərlik edən Turlov FIDE prezidenti vəzifəsinə namizədliyini irəli sürüb. Beşqat dünya çempionu Anand isə onun komandasında təşkilat prezidentinin müavini vəzifəsinə namizəd kimi seçkilərdə iştirak edir.

FIDE rəhbərliyinə seçkilər 26 sentyabrda Səmərqənddə təşkilatın Baş Assambleyası çərçivəsində keçiriləcək. Prezident vəzifəsi uğrunda üç namizəd mübarizə aparacaq. Turlovdan başqa, Malkolm Peyn ilə birlikdə seçkiyə qatılan Yan-Henrik Büttner və Qordon Tanqla tandem şəklində çıxış edən Vadim Rozenştayn da namizədliklərini irəli sürüblər.

Qeyd edək ki, FIDE-nin hazırkı vitse-prezidenti və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov daha əvvəl İdman.Biz-ə eksklüziv açıqlamasında Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə yenidən namizəd olmaq niyyətində olduğunu bildirib.

Teymur Tuşiyev
Araz Xəlilli

İdman.Biz