“Çempionatda gənc şahmatçılar da mübarizə aparacaqlar. Bizi maraqlı oyunlar gözləyir”.
Bu sözləri İdman.Biz-ə açıqlamasında şahmat üzrə Azərbaycan yığmasının üzvü Aydın Süleymanlı deyib.
Süleymanlı ötənilki uğursuzluğu bu dəfə kompensasiya etmək istədiyini bəyan edib.
“Bu dəfə turnirə hazırlaşmaq üçün kifayət qədər vaxtım oldu. Ümid edirəm ki, istədiyim nəticəni əldə edəcəyəm.
Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli kimi təcrübəli şahmatçılara qarşı mübarizə aparmaq heç də asan olmayacaq. Onlara qarşı heç vaxt klassik şahmat oynamamışam. Bu, mənim üçün böyük təcrübə olacaq”, - o, bildirib.
Azərbaycan çempionatında kişi şahmatçılardan 30, qadınlardan isə 16 iştirakçı mübarizə aparacaq. Yarışın ümumi mükafat fondu 92 min manat təşkil edir. Məbləğin 62 min manatı kişilərin, 30 min manatı isə qadınların çempionatına aiddir.
Çempionata fevralın 22-də yekun vurulacaq.
