Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib - YENİLƏNİB + FOTO

6 Fevral 2026 20:45
243
Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi olub.

İdman.Biz bildirir ki, əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra keçənilki yarışın yaddaqalan məqamlarını əks etdirən videoçarx nümayiş olunub.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ölkədə şahmatın kütləviliyinin artırıldığını və gənc istedadların üzə çıxarılması üçün bu cür daxili çempionatların böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. O, bildirib ki, builki çempionat həm təşkilatçılıq, həm də rəqabət baxımından əvvəlkilərdən fərqlənəcək.

Sonra turnirin tanıtım çarxı nümayiş olunub.

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan çempionatlarının səviyyəsinin artdığını deyib. Nazir Azərbaycan Şahmat Federasiyasında yaxşı işlərin görüldüyünü, bu səbəbdən şahmatla məşğul olan gənclərin sayının çox olduğunu söyləyib.

Azərbaycan çempionatının iştirakçıları təqdim olunduqdan sonra püşk atılıb. Bununla da yarış açıq elan olunub.

Qeyd edək ki, Azərbaycan çempionatında 46 şahmatçı iştirak edir. Kişi şahmatçılarda 30, qadınlarda isə 16 iştirakçı mübarizə aparacaq. Yarışın ümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.

Turnirə fevralın 22-də yekun vurulacaq.

11:11

Bu gün kişi və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatına start veriləcək.

İdman.Biz xəbər verir ki, yarış Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

6-22 fevral tarixlərində təşkil olunacaq çempionat Bakı şəhərində, “Landmark” otelinin “Rotunda” zalında baş tutacaq. Yarış olimpiya sistemi üzrə, FİDE oyun qaydalarına əsasən keçiriləcək.

Kişilərin yarışında 30, qadınların mübarizəsində isə 16 şahmatçı çıxış edəcək. Ötən il olduğu kimi bu il də ölkənin aparıcı şahmatçıları çempionluq uğrunda mübarizə aparacaq. Kişilərin turnirində rapid və 20 yaşlılar arasında dünya çempionu, komandalar arasında üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov, altıqat Azərbaycan çempionu və komandalar arasında üçqat Avropa çempionu Rauf Məmmədov, milli komandanın üzvü, qitə çempionatının qalibi Eltac Səfərli iştirak edəcək. Qadınların yarışında isə son Azərbaycan çempionu Günay Məmmədzadə, şəxsi Avropa çempionatının qalibi Ülviyyə Fətəliyeva, 20 yaşlılar arasında dünya çempionu Gövhər Beydullayeva və digər tanınmış şahmatçılar mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 92 min manat təşkil edir. Bunun 62 min manatı kişilərin, 30 min manatı isə qadınların yarışına ayrılıb.

İdman.Biz