Beynəlxalq Şahmat Federasiyası (FIDE) Azərbaycanın aparıcı qrossmeysterlərindən biri olan Teymur Rəcəbovu öz reytinq siyahısından çıxara bilər.
İdman.Biz xəbər verir ki, Rəcəbov artıq növbəti - mart ayına aid siyahıda klassik şahmat üzrə FIDE reytinqinə daxil edilməyə bilər.
Məsələ ondadır ki, beynəlxalq federasiya il ərzində klassik vaxt nəzarəti ilə FİDE tərəfindən qeydə alınmış heç bir rəsmi partiya keçirməyən şahmatçıları reytinqdən çıxarır. Rəcəbov sonuncu dəfə klassik vaxt nəzarəti ilə rəsmi partiyaları ötən ilin fevralında keçirib. Bu da 1 mart 2025-ci il tarixli FİDE reytinqində (altı partiya) əksini tapıb. Həmin vaxt Teymur Azərbaycan çempionatında iştirak edib, yarımfinala yüksəlib və Rauflə Məmmədova uduzub.
Məlum olduğu kimi, fevralın 6-da start götürəcək növbəti Azərbaycan çempionatında da Teymur Rəcəbov iştirak etməyəcək. Əgər fevralın sonuna qədər o, heç bir reytinq partiyası keçirməsə, qeyri-aktiv şahmatçı statusu alacaq. Rəcəbovun klassik reytinqi hazırda 2692-dir və bu göstərici dondurulacaq. Bununla yanaşı, rapid və blits reytinqlərində Rəcəbov yer almaqda davam edəcək, çünki o, vaxtaşırı sürətli vaxt nəzarətli turnirlərdə çıxış edir.
Bununla belə, gələcəkdə Teymur ən azı bir klassik vaxt nəzarətli rəsmi partiya keçirdiyi halda yenidən reytinqə qayıda bilər. Bu halda onun mövcud reytinqi (2692) yenidən aktivləşdiriləcək.
Rəcəbovun FİDE reytinqindən çıxarılması kişilər arasında şahmat ölkələrinin reytinqində Azərbaycanın mövqeyinə mənfi təsir göstərəcək. Xatırladaq ki, bu siyahı on aparıcı şahmatçının orta klassik reytinqi əsasında formalaşdırılır. Beləliklə, Rəcəbovun FİDE reytinqindən çıxarılması Azərbaycan üçün dünya reytinq cədvəlində mövqelərin ciddi şəkildə pisləşməsinə səbəb ola bilər.
Qeyd edək ki, şahmat tarixində güclü qrossmeysterlərin karyeralarına fasilə verdikdən sonra reytinqdən çıxarılması və daha sonra oyuna qayıdaraq daha yüksək nəticələr göstərməsi hallarına rast gəlinib. Məsələn, amerikalı şahmatçı Hikaru Nakamuranın karyerasında da belə bir fasilə olub. O, 2021-ci ilin yanvarında FIDE reytinqindən çıxarılmışdı. Lakin təxminən iki illik fasilədən sonra Nakamura böyük şahmata qayıdıb və hazırda FIDE reytinqində ikinci pillədə qərarlaşıb.
Əlavə edək ki, hazırda Teymur Rəcəbov məşqçilik fəaliyyətinə fokuslanıb. Xüsusilə, o, Azərbaycan kişi millisinin kapitanıdır və onun rəhbərliyi altında komanda ötən il Avropa çempionatının gümüş medalçısı olub.
Teymur Tuşiyev
13:00
Azərbaycan şahmatçısı Teymur Rəcəbovun ölkə çempionatına qatılmamasının səbəbi müəyyənləşib.
İdman.Biz “Report” istinadən xəbər verir ki, 38 yaşlı qrossmeyster özü yarışda iştirakla bağlı qeydiyyatdan keçmək istəməyib.
O, turnir şahmatın klassik növündə təşkil olunduğu üçün bu addımı atıb. Son vaxtlar klassik şahmat oynamayan T.Rəcəbov adətən rapid və blits yarışlarında mübarizə aparır.
Bundan əlavə, Teymur Rəcəbov Azərbaycan millisinin kapitanı kimi fəaliyyətinə davam etmək niyyətindədir. Onun kapitanı olduğu yığma ötən il Avropa çempionatında gümüş medal qazanıb.
Qeyd edək ki, Teymur Rəcəbov 2025-ci ilin əvvəlində Azərbaycan çempionatında iştirak edib. Yarımfinalda Rauf Məmmədova uduzan şahmatçı səhhətindəki problemə görə bürünc medal uğrunda görüşdə iştirak etməyib.
