Şahmat üzrə Azərbaycan millisi Avropa çempionluğunun bir addımlığında - İDMAN.BİZ-in TƏHLİLİ + FOTO/VİDEO

Təhlil
14 Oktyabr 2025 13:03
77
Şahmat üzrə Azərbaycan millisi Avropa çempionluğunun bir addımlığında - İDMAN.BİZ-in TƏHLİLİ + FOTO/VİDEO

Azərbaycanın kişi şahmat millisi tarixində dördüncü dəfə Avropa çempionu ola bilər. Lakin bunun üçün bir neçə amilin üst-üstə düşməsi vacibdir.

İdman.Biz xatırladır ki, Batumidə (Gürcüstan) keçirilən qitə birinciliyinin komanda yarışında yığmamız sonuncudan əvvəlki - səkkizinci turda Ukrayna üzərində 2,5:1,5 hesablı qələbə qazanıb.

Bu qələbəyə qədər turnir cədvəlinin şərisiz lideri Ukrayna komandası idi. Komandamıza həlledici qələbəni Rauf Məmmədov qazandırıb.

Bu uğurdan sonra Azərbaycan və Ukraynanın komandalar hesabı bərabərləşib - hərəyə 13 xal. Lakin ilk əlavə göstəriciyə əsasən, millimiz rəqibinə cəmi bir xal uduzur (Ukrayna – 168, Azərbaycan – 167). Bununla yanaşı, ikinci əlavə göstəricidə Azərbaycan Ukraynanı qabaqlayır – 19,5 xala qarşı 19.

Bəs Azərbaycan yığması son turda Serbiya ilə qarşılaşacağı halda, İngiltərə ilə oynayacaq Ukraynanı necə qabaqlaya bilər?

Əvvəlcə komanda şəklində keçirilən şahmat yarışlarında xalların necə hesablandığını anlamaq lazımdır. Əsas göstərici komandalar üzrə xaldır: qələbəyə görə 2 xal, heç-heçəyə 1 xal, məğlubiyyətə isə 0 xal verilir.

Birinci əlavə göstərici komandanın turnir ərzində qarşılaşdığı rəqiblərin gücünü əks etdirir. Bu göstərici belə hesablanır: komandanın hər bir rəqibi turnirdə neçə xal toplayıbsa, həmin rəqibə qarşı əldə olunan nəticə həmin rəqibin xalına vurulur. Sonra bu, bütün rəqiblər üzrə toplanır və ən zəif rəqibə qarşı nəticə nəzərə alınmır.

Beləliklə, rəqiblər nə qədər güclü olub və komanda onlara qarşı nə qədər uğurlu çıxış edibsə, bu göstərici bir o qədər yüksək olur.

İkinci əlavə göstərici (burada Azərbaycan artıq öndədir) bütün görüşlərdə lövhələr üzrə qazanılan xalların cəmini göstərir.

Əgər hazırda 13 xal toplayan Azərbaycan və Ukrayna son turda eyni nəticə əldə etsələr, hər şey onların turnir ərzində qarşılaşdığı rəqiblərin nə qədər uğurlu çıxış etməsindən asılı olacaq. Azərbaycan yığmasının rəqibləri son turda daha yaxşı nəticə göstərsələr, bu, komandanın ümumi əmsalını yüksəldəcək və onu birinci pilləyə çıxara bilər.

Birinci əlavə göstərici də bərabər olarsa, növbəti mərhələdə ikinci – yəni lövhələr üzrə qazanılmış xalların cəmi nəzərə alınacaq. Əgər bu göstərici də eyni olarsa, onda komanda­ların birbaşa qarşılaşması əsas götürüləcək. Həmin matçda üstünlük Azərbaycan millisinin tərəfindədir.

Mütəxəssislərin fikrincə, əslində bu göstəricinin ilk növbədə nəzərə alınması daha məntiqli olardı. Bunu Avropa çempionatının son turu ərəfəsində İdman.Biz-ə açıqlamasında Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov da qeyd edib: “Bu qaydanı hələ 20 il əvvəl təklif etmişdim – əvvəlcə şəxsi görüşlərə baxılsın, sonra digər göstəricilər nəzərə alınsın”.

Əlbəttə, əgər Azərbaycan yığması Serbiyanı məğlub etsə, Ukrayna isə İngiltərəyə məğlub olsa, bütün bu hesablamaları bir kənara qoymaq olar.

Qeyd edək ki, Azərbaycanın kişi şahmat millisi daha əvvəl üç dəfə - 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu olub.

Bununla yanaşı, qadınlardan ibarət Azərbaycan millisi son tur ərəfəsində 10 xalla altıncı pillədə qərarlaşıb. Qadın şahmatçılarımız nəticədən asılı olmayaraq, artıq mükafatçılar sırasına düşmək imkanını itiriblər. Üstəlik, son turda onları hazırda ən güclü komanda sayılan Polşa ilə qarşılaşma gözləyir.

Teymur Tuşiyev

İdman.Biz