Yeddinci tur çərçivəsində azərbaycanlı şahmatçılar turnirin ən güclü komandaları ilə qarşılaşacaqlar.
Azərbaycanın kişi şahmatçılardan ibarət millisi Ermənistan yığması üzərində qələbədən sonra hazırda Gürcüstanın Batumi şəhərində keçirilən komandalararası Avropa çempionatında ilk üçlükdə yer alıb.
İdman.Biz xatırladır ki, bir gün əvvəl həm kişi, həm də qadın komandalarımız Ermənistanı müvafiq olaraq 2,5:1,5 və 3:1 hesabı ilə məğlub edib. Kişilər arasında qələbə qazanan Şəhriyar Məmmədyarov olub, qadınlarda isə Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova fərqləniblər.
Bu qələbə sayəsində Azərbaycan şahmatçıları aktivinə doqquz xal yazdıraraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib və onları izləyən komandalar qrupunu bir xal qabaqlayıb. Liderlik isə 11 və 10 xalla müvafiq olaraq Ukrayna və Niderland komandalarına məxsusdur.
Oktyabrın 11-də, şənbə günü, qitə birinciliyində yeganə istirahət günüdür. Bazar günü isə yeddinci tur çərçivəsində kişi yığmamız güclü heyətə malik Macarıstanla qarşılaşacaq. Bu komandanın tərkibində aparıcı qrossmeyster Rixard Rapport, təcrübəli şahmatçı Peter Leko və milliləşdirilmiş rusiyalı Sanan Sügirov yer alır.
Azərbaycanın qadın şahmatçılardan ibarət millisi də Ermənistan üzərindəki qələbədən sonra 8 xalla altıncı yerə qalxıb. Turnir cədvəlinə 12 xalla Polşa komandası inamla başçılıq edir. Onlardan 3 xal geri qalan Almaniya, Fransa və Ukrayna komandaları isə növbəti yerləri bölüşür.
Yeddinci turda Azərbaycan şahmatçıları Avropa çempionatının reytinq favoritlərindən biri – Gürcüstan yığması ilə üz-üzə gələcəklər. Ümumilikdə, çempionatda doqquz turun keçirilməsi nəzərdə tutulub.
Teymur Tuşiyev