“Avropada medal üçün şanslarımız çoxdur” - Şahmat üzrə əməkdar məşqçinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ + FOTO

Müsahibə
3 Oktyabr 2025 13:34
69
“Avropada medal üçün şanslarımız çoxdur” - Şahmat üzrə əməkdar məşqçinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ + FOTO

Oktyabrın 5-də Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatına start veriləcək.

Kişilərdən ibarət Azərbaycan yığmasını Avropa çempionatında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Aydın Süleymanlı və Məhəmməd Muradlı təmsil edəcək.

Qadın şahmatçılardan ibarət Azərbaycan millisini isə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva təmsil edəcək.

Azərbaycanlı şahmatçılar komanda yarışlarında üç dəfə Avropa çempionu olublar, qadın komandamız isə bu turnirdə bir dəfə bürünc, bir dəfə isə gümüş medalla kifayətlənib. Əməkdar məşqçi və qadınlardan ibarət Azərbaycan yığmasının sabiq kapitanı Fikrət Sideifzadə İdman.biz-ə verdiyi müsahibədə bu il komandamızdan gözləntilərini bölüşüb.

- Qarşıdakı günlərdə Gürcüstanda komandalar arasında Avropa çempionatı start götürəcək. Gözləntiləriniz nədir?

- Uzun illərdir ki, bizim şahmatçılar Avropa çempionatlarında yaxşı nəticələr göstərirlər. Bu dəfə də arzu edərdik ki, layiqli çıxış edək. Amma problemlər də var: qadın komandasında Günay Məmmədzadə iştirak edə bilməyəcək (o, yeni ana olub). Bu, komandamızın gücünü azaldır. Günay olsaydı, şanslarımız daha yüksək olardı. Hazırda Ülviyyə daha çox seçilir, o, son iki turnirdə uğurlu çıxış edib və çox güman ki, birinci sıralarda olacaq.

İkinci mövqedə ehtimal ki, Gövhəri görəcəyik. O, döyüşkən xarakteri və qətiyyəti ilə fərqlənir, baxmayaraq ki, son vaxtlar onun nəticələri bir az düşüb. Xanım isə sakit və soyuqqanlıdır, mövqe qurulmasında yüksək bacarıq göstərir. Gənc Ayan isə çox perspektivli şahmatçıdır. O, 20 yaşadək qızlar arasında Avropa və dünya çempionatında qazandığı medalların sayında hətta Şəhriyar və Teymuru da üstələdi. Ayan bu yarışda ilk dəfə iştirak edəcək, ümid edirik ki, komandaya tez uyğunlaşacaq.

- Kişi komandasında vəziyyət necədir?

-Şahriyar birinci lövhədə yer alacaq, bu, çox vacibdir. Birinci lövhə yalnız “örtücü” rolunda deyil, həm də vacib xal gətirə bilər. İkinci lövhədə Rauf oynayacaq - təcrübəli və bacarıqlı oyunçudur. Eltac da güclü şahmatçıdır. Bu, bizim “veteranlar” qrupu sayılır. Gənclərdən isə ən istedadlılardan biri Aydın Süleymanlıdır. Aydın rəqibinə qarşı çox sıx oynayır və nadir hallarda uduzur. Məhəmməd Muradlı da çox mübariz oyunçudur. Beləliklə, komandada iki gənc və üç təcrübəli oyunçu var. Təcrübə əhəmiyyətlidir, amma hər bir halda gənclərin enerjisi daha çoxdur.

Qarşılaşmaların necə cərəyan edəcəyindən çox şey asılıdır, görək nə olacaq. Amma düşünürəm ki, hər iki komandanın yaxşı şansı var. Yekun nəticəyə gəlincə, heç kim dəqiq proqnoz verə bilməz. Mənim bildiyimə görə, ilkin reytinqdə bizim şahmatçılar ilk onluğa daxil olublar. Bu o deməkdir ki, yaxşı oyun və bir az şans olsa, onlar mükafat qazana bilərlər.

- Əsas rəqiblərimiz kimlərdir?

- Qadın komandaları arasında Bolqarıstan, Macarıstan, Yunanıstan və Almaniyanın güclü heyətləri var. Hazırda qadın şahmatında nəslin dəyişikliyi gedir.

Kişi komandasında Fransanı, Almaniyanı və Macarıstanı fərqləndirərdim. Əgər Ukrayna tam tərkiblə gələcəksə, o da ciddi rəqib olacaq. İndi elə bir dövrdür ki, gənc oyunçular çoxdur, bəzilərinin adını ilk dəfə eşidirsən, amma çox güclü oynayırlar. Hər turda döyüşmək lazımdır — yarım xal belə çox qiymətlidir.

- Qadın komandamız hələ “qızıl” qazana bilməyib. Sizcə, bizə nə çatmırdı?

- Rusiyanın qatıldığı vaxtlarda rəqabət daha sərt idi. Keçən il biz çox yaxın idik, amma son turda tale üzümüzə gülmədi. Avropada medal üçün şanslarımız çoxdur, burada Çin, Hindistan və ABŞ səviyyəsində güclü komandalar yoxdur. Amma Olimpiadada hələlik qızılı hədəfləmək çətindir.

Leyla Eminova

İdman.biz