Azərbaycan boksçusu Seymur İsayev WBA-nın sabiq dünya çempionu İsrail Madrimovla qarşılaşacaq.
İdman.Biz xəbər verir ki, döyüş oktyabrın 30-da Daşkənddəki “Humo Arena”da keçiriləcək. Qarşılaşma barədə Özbəkistan Peşəkar Boks Federasiyası məlumat yayıb.
“Grey Wolf” ləqəbi ilə çıxış edən İsayev güclü zərbələri və çoxsaylı vaxtından əvvəl qələbələri ilə tanınır. Solaxay döyüş üslubunda çıxış edən azərbaycanlı boksçu peşəkar karyerası ərzində UBO versiyası üzrə dünya çempionu olub və bir sıra diqqətçəkən qələbələr qazanıb.
Onun rəqibi son illərin ən tanınmış özbək peşəkar boksçularından biridir. Madrimov 2024-cü ilin martında Maqomed Qurbanovu beşinci raundda texniki nokautla məğlub edərək ilk orta çəkidə WBA dünya çempionu titulunu qazanıb.
Özbəkistan təmsilçisi daha sonra Terens Krouford və Vircil Ortiz kimi tanınmış boksçularla qarşılaşıb. Madrimov 2026-cı ilin yanvarında rinqə qayıdaraq Luis David Salazara xallar hesabı ilə qalib gəlib.
Peşəkar boksa keçməzdən əvvəl Madrimov həvəskarlar arasında da böyük uğurlar əldə edib. O, 2018-ci il Asiya Oyunlarının qalibi və 2017-ci il Asiya çempionu olub. Boksçu 2014-cü ildə isə 75 kq-dək çəki dərəcəsində Asiya Oyunlarının gümüş medalını qazanıb.
Madrimov peşəkar rinqdə ilk orta çəkidə "WBA Inter-Continental" və "IBF Inter-Continental" regional kəmərlərinin də sahibi olub.
