Ceyk Pol 2025-ci ilin dekabrında Entoni Coşua ilə döyüşdə aldığı ağır çənə zədəsindən sonra yenidən rinqə qayıtmağa hazırlaşır.
İdman.Biz xəbər verir ki, amerikalı boksçunun meneceri Nakisa Bidarian onun sentyabrın ortalarından sparrinqlərə başlamaq üçün tibbi icazə aldığını bildirib. Əsas plan Polun ilin sonunda rinqə qayıtmasıdır, lakin təşkilati səbəblərə görə döyüşün 2027-ci ilin yanvarına keçməsi də mümkündür.
Bidarianın sözlərinə görə, növbəti rəqib üçün ən uyğun və əsas namizəd Tommi Fyuridir. Tərəflər revanş döyüşü ilə bağlı danışıqlar aparırlar, amma maliyyə şərtləri hələ razılaşdırılmayıb.
“Ən uyğun rəqib və ən məntiqli seçim Tommi Fyuridir. Onun nümayəndələri sadəcə məntiqli razılaşma əldə etməyimizə kömək etməlidirlər. İnanıram ki, Tommi bu döyüşü istəyir və qarşılaşma baş tutacaq”, – deyə Bidarian bildirib.
Ceyk Pol artıq səkkiz aylıq fasilədən sonra Birmingemdə keçirilən boks gecəsində rinqə çıxaraq hərəkətlərini nümayiş etdirib. Bu, onun zədədən sonra ilk dəfə yenidən rinqə qayıtması olub.
Qeyd edək ki, Pol Entoni Coşua ilə döyüşdə çənəsini sındırmış və sonradan metal konstruksiyalarla rekonstruktiv əməliyyat keçirmişdi. Həkimlərin ehtiyatlı yanaşmasına baxmayaraq, o, peşəkar boks karyerasını davam etdirmək niyyətindədir.
