Həyat yoldaşının açıqlaması Fyurinin Coşua ilə döyüşünü təhlükəyə atdı - FOTO

27 Noyabr 2026 17:45
41
Həyat yoldaşının açıqlaması Fyurinin Coşua ilə döyüşünü təhlükəyə atdı - FOTO

Ağır çəkidə WBC, WBO, IBO, WBA Super, “The Ring” və IBF versiyaları üzrə sabiq dünya çempionu, məşhur britaniyalı boksçu Tayson Fyuri Entoni Coşua ilə döyüşdən əvvəl xüsusi tibbi müayinədən keçəcək.

İdman.Biz xəbər verir ki, Böyük Britaniyanın Boks Nəzarət Şurası (BBBofC) Fyurinin həyat yoldaşı Peris Fyurinin “Netflix”in sənədli filmində ərinin 2015-ci ildə Vladimir Kliçko üzərində qələbəsindən sonra şizofreniya xəstəliyindən əziyyət çəkməsi barədə açıqlamasına görə belə qərar qəbul edib.

Qurumun baş katibi Robert Smit bildirib ki, boksçunun nüfuzundan asılı olmayaraq, onun döyüşə buraxılması həkimlərin rəyindən asılı olacaq.

Smit tibbi müayinənin təfərrüatlarını açıqlamasa da, yekun qərarın yaxın günlərdə veriləcəyini qeyd edib.

2026-cı il üçün qüvvədə olan reqlamentin 8.1(b) bəndinə əsasən, şizofreniya boksçunun ilk lisenziyasını almasına mane ola biləcək xəstəliklər sırasındadır. Artıq lisenziyaya malik idmançılarla bağlı isə şura müvafiq qərar qəbul etmək səlahiyyətinə malikdir.

Peris Fyuri isə sonradan sənədli filmdə səsləndirdiyi fikirlərə aydınlıq gətirib və sözünü geri götürüb:

“Tayson Fyuri haqqında sənədli filmin orijinal versiyasında səsləndirdiyim bir fikrə aydınlıq gətirmək istəyirəm. Mən illər əvvəl Taysonun vəziyyətini müzakirə etdiyimiz söhbəti xatırlayırdım və “şizofrenik” sözündən istifadə etdim. Taysonda həqiqətən də şizofreniya ilə əlaqəli bəzi simptomlar müşahidə olunsa da, o, bu xəstəlikdən əziyyət çəkmir və ona heç vaxt belə diaqnoz qoyulmayıb.

Psixi sağlamlıq mürəkkəb mövzudur və xüsusilə sevdiyin insanın yanında bütün bunları yaşadıqda düzgün sözləri seçmək heç də həmişə asan olmur. Taysonun bu sənədli filmdə özünü həqiqətən açıq şəkildə ifadə etməsi ilə çox fəxr edirəm”.

“Netflix” platformasının rəhbərliyi də sənədli filmə dəyişiklik etmək qərarını verib:

“Taysonun psixi sağlamlığı ilə bağlı rəsmi diaqnozu haqqında ailəsinin təqdim etdiyi yeni məlumatdan sonra onlarla əməkdaşlıq edərək sənədli filmə premyeradan əvvəl müvafiq dəyişikliklər etdik”.

Xatırladaq ki, Tayson Fyuri ilə Entoni Coşua arasında döyüşün 12 dekabrda keçirilməsi nəzərdə tutulur.

İdman.Biz