“World Boxing” gələn ildən hakimlik sisteminə süni intellekt tətbiq edəcək

23 May 2026 09:44
169
“World Boxing” gələn ildən hakimlik sisteminə süni intellekt tətbiq edəcək

Yeni yaradılan “World Boxing” federasiyası turnirlərdə hakimliyi süni intellekt vasitəsilə dəstəkləməyi planlaşdırır.

İdman.Biz xəbər verir ki, bu barədə Qazaxıstan Boks Federasiyasının beynəlxalq məsələlər üzrə vitse-prezidenti Alimjan Akayev illik konfransda açıqlama verib.

Onun sözlərinə görə, “World Boxing” yarışlarında əlavə hakim aləti kimi süni intellekt sisteminin tətbiqi nəzərdə tutulur. Bu sistem zərbələrin sayını, dəqiq düşmələri və onların gücünü hesablayacaq. Məqsəd insan faktorunun təsirini maksimum dərəcədə azaltmaqdır.

Hazırda sistemin bu ilin sonuna və ya gələn ilin əvvəlinə qədər yarış prosesinə inteqrasiyası planlaşdırılır.

Bundan başqa, idmançıların sağlamlığının qorunması məqsədilə bu ilin sonundan və ya gələn ilin əvvəlindən etibarən olimpiya boksunda dəbilqələrdən (qoruyucu baş geyimlərindən) yenidən istifadəyə icazə verilə bilər.

İdman.Biz