Dubayda 2–13 dekabr tarixlərində kişilər arasında IBA Boks üzrə dünya çempionatına ev sahibliyi edəcək. Turnirin baş tutacağı barədə məlumatı Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyov açıqlayıb.
İdman.Biz xəbər verir ki, yarışın mükafat fondu boks tarixində görünməmiş səviyyəyə - 8,32 milyon ABŞ dollarına (təxminən 14,1 milyon AZN) çatıb. Pul mükafatları birbaşa idmançılara, onların məşqçilərinə və milli federasiyalara veriləcək.
Umar Kremlyov bildirib ki, hər bir idmançının turnirdə iştirak etmək, arzularını reallaşdırmaq imkanı verilməlidir.
“Dünya çempionatına düşmək üçün insanlar həyatlarının yarısını sərf edirlər. Biz idmançıların zəhmətini qiymətləndirməliyik, bu bizim əsas vəzifəmizdir”, - Kremlyov vurğulayıb.
Qeyd edilir ki, Dubaydakı çempionat iştirakçı sayına görə də dünyanın ən böyük turnirlərindən biri olacaq. IBA-nın məlumatına görə, yarışda 95-dən çox milli federasiya iştirak edəcək.
