Azərbaycanın 15 yaşadək oğlan boksçulardan ibarət millisi keçirdiyi təlim-məşq toplanışlarının bəhrəsini Avropa çempionatında görüb.
Bunu “Report”a açıqlamasında sözügedən yığmanın baş məşqçisi Vüqar Məmmədov deyib.
O, Monteneqronun Budva şəhərində keçirilən U-15 Avropa çempionatında iki qızıl, üç gümüş və üç bürünc medal qazanan boksçuların çıxışını belə dəyərləndirib:
“Qitə birinciliyinə çox yaxşı hazırlaşmışdıq. Şamaxıda və Bakıda, həmçinin Özbəkistanın Buxara şəhərində təlim-məşq toplanışları keçmişdik. Bunun da bəhrəsini yarışda gördük. Komanda hesabında altıncı yerdə qərarlaşdıq. Medallarımızın sayı daha çox ola bilərdi. Bəzi boksçularımız Avropa çempionatında ilk dəfə çıxış etdikləri üçün təcrübəsizlik özünü göstərdi. Çalışacağıq ki, növbəti yarışlarda daha yaxşı nəticələr qazanaq və ölkəmizin adını daha yüksək zirvələrə qaldıraq”.
Qeyd edək ki, qazanılan medallardan bir qızıl, iki gümüş və üç bürünc oğlanların, bir qızıl və bir gümüş isə qızların payına düşüb.
