Vadim Kutukov: “Avropa gördü ki, Azərbaycanda çimərlik voleybolu var”

Müsahibə
9 Oktyabr 2023 09:53
Vadim Kutukov: “Avropa gördü ki, Azərbaycanda çimərlik voleybolu var”

“Tarixdə ilk dəfə keçirilən yarışda qalib olduq. Çox həyəcanlıyıq. Xoşbəxtik ki, bu tarixi azərbaycanlı voleybolçular yazdı”.

Bunu İdman.biz saytına tarixdə ilk dəfə təşkil olunan çimərlik voleybolu üzrə Avropa kubokunun qalibi Vadim Kutukov deyib.

“Murov AZ Terminal”ın voleybolçusu bildirib ki, final görüşü çətin keçsə də ən gərgin matçlar qrup mərhələsində olub: “Çünki qrup mərhələsində qızıl set olmadığı üçün üzərimizdə böyük yük var idi. Amma o yükü rahatlıqla üzərimizdən ata bildik”.

Təcrübəli voleybolçu qələbənin sirrini də açıqlayıb. Onun sözlərinə görə, bir komandadan daha çox ailə olmaları çempionluğu rəsmiləşdirən əsas amil olub: ”Biz komanda deyilik, bir ailəyik. Aramızda çox gözəl səmimi dostluq var. Qalib gəldikdən sonra bir-birimizi təbrik etdik. Komandanın məşqçisi, meneceri, komandanın rəhbəri hər kəs sevinc içində idi”.

Avropanın ən güclü voleybolçularının yarışa qatıldığını deyən Kutukov güclü rəqiblərlə dueldə qazanılan çempionluğun komandada özünə inamın bir qədər də artırdığını bildirib: “Olimpiyada iştirakçıları, reytinqdə yüksək pillədə olan cütlər mübarizə aparırdı. Bu səbəbdən də hər qələbədən sonra çox sevinirdik. Biz favorit kimi yarışa gəlməsək də, hər kəsə sübut etdik ki, Azərbaycanda çimərlik voleybolu olacaq və gələcəkdə daha böyük uğurlara imza atacağıq. Federasiyanın rəhbərliyinə və Gəncər və İdman Nazirliyinə bizə yaratdığı şəraitə görə təşəkkür edirəm. Biz tarix yazdıq. Bütün Avropa gördü ki, Azərbaycanda çimərlik voleybolu var”.

O, əsas məqsədlərinin lisenziya turnirlərinə hazırlaşıb, Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmək olduğunu vurğulayıb.

Qeyd edək ki, Oleq Stoyanovski, İlya Leşukov, Vadim Kutukov, Vüqar Bayramov, Ülvi Rəcəbli, Heydər Məmmədlidən ibarət komandamız finalda "TVF Spor Lisesi SK Ankara"ya qalib gəlib.

Emin Ağa

İdman.biz