Çimərlik voleybolçusu: “Daha yüksək nəticə göstərmək istəyirdik” - FOTO

8 Sentyabr 2026 11:01
84
Çimərlik voleybolçusu: “Daha yüksək nəticə göstərmək istəyirdik” - FOTO

Çimərlik voleybolu üzrə Azərbaycan U-20 millisinin üzvü Muhamməd Aslanlı Avropa çempionatındakı çıxışlarını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, Aslanlı bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb.

“Bu ilki Avropa çempionatı bizim üçün əvvəlki illə müqayisədə daha uğurlu keçdi. Daha yüksək nəticə göstərmək istəsək də, bu dəfə kifayət qədər güclü və təcrübəli rəqiblərlə qarşılaşdıq. Buna baxmayaraq, hər oyunda əlimizdən gələni etməyə çalışdıq.

Turnirə təsnifat mərhələsindən başlamağımıza baxmayaraq, pley-off mərhələsinə qədər irəlilədik və yekunda 17-ci pillədə qərarlaşdıq. Bu yarış bizim üçün böyük təcrübə oldu. Hansı komponentlər üzərində daha çox çalışmalı olduğumuzu müəyyənləşdirdik.

İndi əsas məqsədimiz yol verdiyimiz səhvləri aradan qaldırmaq və üzərimizdə işləməkdir. Çalışacağıq ki, növbəti yarışlarda daha uğurlu çıxış edək və bayrağımızı yüksəklərdə dalğalandıraq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan U-20 millisi çimərlik voleybolu üzrə Avropa çempionatında 17-ci yeri tutub.

İdman.Biz