Çimərlik voleybolçularımız Türkiyədə çempion olublar

13 Avqust 2026 09:31
155
Çimərlik voleybolçularımız Türkiyədə çempion olublar

Çimərlik voleybolu üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Türkiyədə keçirilən beynəlxalq turnirdə uğurlu nəticəyə imza atıb.

İdman.Biz xəbər verir ki, Tekirdağ bölgəsində təşkil olunan və FIVB reytinq xalları qazandıran açıq çempionatda Azərbaycanı İbrahim Məmmədov və Muhəmməd Aslanlı təmsil ediblər.

Ümumilikdə 16 komandanın qatıldığı yarışda Azərbaycan cütlüyü bütün rəqiblərini məğlub edib. Məmmədov və Aslanlı turniri birinci pillədə başa vuraraq qızıl medala sahib çıxıblar.

Qadınların mübarizəsində isə Azərbaycan adından Səbinə Əlizadə və Leyla Əliyeva çıxış ediblər. Onların cütlüyü 16 komanda arasında dördüncü yeri tutub.

Azərbaycan çimərlik voleybolçularının Türkiyədə çıxışı bununla yekunlaşmayacaq. Baş məşqçi Atvars Vildenin rəhbərlik etdiyi komanda Çatalca şəhərində keçiriləcək daha bir beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

Həmin yarışda qadınlar arasında Səbinə Əlizadə/Leyla Əliyeva, kişilərin mübarizəsində isə İbrahim Məmmədov/Muhəmməd Aslanlı cütlüyü Azərbaycanı təmsil edəcək.

İdman.Biz