“Murov AZ Terminal” Avropa kubokunda 1/4 finala yüksəlib

Xəbərlər
7 Oktyabr 2023 12:42
“Murov AZ Terminal” Avropa kubokunda 1/4 finala yüksəlib

Azərbaycanın “Murov AZ Terminal” çimərlik klubu Balıkəsirdə (Türkiyə) Avropa Voleybol Konfederasiyası tərəfindən ilk dəfə keçirilən Avropa kuboku 1/4 finala yüksəlib.

İdman.biz -in məlumatına görə, təmsilçimiz kişi komandalar arasında təşkil olunan turnirdə qrup mərhələsini uğurla başa vurub.

“Murov AZ Terminal” “Benasko” (İtaliya) ilk oyunda 0:2 hesabı ilə məğlub olsa da, ardınca 2:1 qalib gəlib. Daha sonra voleybolçularımız “Kartal Anadolu” (Türkiyə) kollektivini hər 2 oyunda eyni hesabla məğlub edib - 2:0. Qrupda son oyunu “Murov” “Verterse”yə (Avstriya) qarşı keçirib. Birinci oyunda 1:2 hesabı ilə uduzan təmsilçimiz ikinci matçda eyni hesabla revanş alıb.

Keçirilən görüşlərdən sonra aktivində 13 xalı olan “Murov AZ Termilan” klubu qrup mərhələsini ikinci pillədə başa vuraraq 1/4 finala yüksəlib. Klubumuz yarımfinala gedən yolda “Budapeşt” (Macarıstan) ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçisinin heyətində Tokio Olimpiadasının gümüş mükafatçısı Oleq Stoyanovski, həmçinin İlya Leşçukov, Vüqar Bayramov, Ülvi Rəcəbli, Vadim Kutukov və Heydər Məmmədli yer alır. Komandanın baş məşqçisi İqor Olefirdir.

İdman.biz