“Turnir çox yüksək səviyyədə təşkil olunub”.
Bunu İdman.bizə Azərbaycan millisinin çimərlik voleybolçusu Heydər Məmmədli deyib.
O, Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatının ilk oyununu dəyərləndirib. İkinci dəfə bu yarışa qatılan Məmmədlinin sözlərinə görə, hədəfləri ötən ilkindan yaxşı nəticə göstərməkdir: “İlk yarışda 5-ci yeri tutmuşduq. Bu dəfə əlimizdən gələni edəcəyik ki, ötən ilki nəticəmiz yaxşılaşdıraq. Yarımfinal və final görüşlərinə çıxıb, çempion olmaq istəyirik”.
Startda Ermənistan millisinə 2:0 hesabla qalib gələn voleybolçu bildirib ki, Anım Günündə bunu bacardıqları üçün xoşbəxtdirlər: “Ona görə də böyük məsuliyyətlə bu oyuna çıxdıq. Yalnız bir fikrimiz var idi ki, qələbə qazanmalıyıq. Ancaq və ancaq qalib gəlməyi düşünürdük. Sevinirik ki, gücümüzü topladıq və qələbə qazandıq”.
Məmmədli növbəti rəqibləri – Ukraynanın çox güclü olduğunu da deyib: “Amma biz də zəif deyilik. İnanırıq ki, bu görüşdən də yaxşı nəticə ilə ayrılacağıq”.
Qeyd edək ki, Gürcüstanın paytaxtı Tbilisidə keçirilən çempionatda ölkəmizi Heydər Məmmədli - Nəriman Bayramlı cütlüyü təmsil edir.
Banuçiçək Hüseynli
İdman.biz