Çimərlik voleybolu mövsümünə start verilib.
İdman.Biz bildirir ki, Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən ilk dəfə çimərlik voleybolu üzrə “King & Queen of the Court” (“Meydançanın kralı və kraliçası”) turniri keçirilib.
Bu gün Bakı Su İdmanı Sarayında təşkil olunan turnirin qalibləri bəlli olub. Yarışda 10 kişi və 12 qadın komandası mübarizə aparıb. Dünyaca məşhur olan bu turnir öz oyun sisteminə uyğun keçirilib. İlk olaraq qrup oyunları, daha sonra isə final qarşılaşmaları baş tutub.
Qadınların yarışında qızıl medal uğrunda İlza Vilde - İnarə Hüseynzadə, Ceren Evmez - Dilek Kubra, Səbinə Əlizadə - Leyla Əliyeva, Dilarə Ağayeva - Ulyana Kovalyova cütləri üz-üzə gəliblər.
Kişilərin yarışında isə birincilik uğrunda Atvars Vilde - Klavs Vilde, Heydər Məmmədli - Ozan Baltacı, İbrahim Məmmədov - Muhammad Aslanlı, Fərda Dəryayev - Camal Cəlilov cütləri qarşılaşıblar.
Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunların nəticəsinə əsasən, qadınların yarışında Səbinə Əlizadə - Leyla Əliyeva cütü qızıl medalların sahibi olub. Kişilərin yarışında isə Heydər Məmmədli - Ozan Baltacı cütü qalib gəlib.
Oyunlardan sonra mükafatlandırma və bağlanış mərasimi keçirilib. Qaliblərə tac, diplom, medal və Azərbaycan Voleybol Federasiyasının tərəfdaşı olan VMF Saat Fabriki tərəfindən hədiyyələr təqdim olunub.
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov və AVF-nin İdarə Heyətinin üzvü Elqar Bağırov təqdim ediblər.
