Lebron Ceyms alternativ basketbol liqası yaradır – Azərbaycan üçün də maraqlıdırmı?

Təxminlər
25 Sentyabr 2025 14:40
80
Lebron Ceyms alternativ basketbol liqası yaradır – Azərbaycan üçün də maraqlıdırmı?

“Leikers”in ulduzu Avropada yeni layihəyə start verir.

İdman.biz xəbər verir ki, “Los-Anceles Leikers”in 40 yaşlı oyunçusu Lebron Ceyms biznes tərəfdaşı Meverik Karterlə birlikdə Avropa qitəsində yeni basketbol liqasının yaradılması üçün investor qrupu formalaşdırır.

Jurnalist Brayan Vindhorstun məlumatına görə, layihə ənənəvi ABŞ formatından fərqlənəcək və Avropa üslubuna uyğunlaşdırılacaq. Onun sözlərinə görə, Ceyms və Karter bu liqanı NBA-ya ciddi rəqib kimi görürlər.

Yeni liqanın oyunlarının Avropada keçirilməsi və Azərbaycanda basketbolun son illərdə inkişaf tempi bu təşəbbüsün ölkəmizə də təsir göstərə biləcəyini deməyə əsas verir. Əgər Azərbaycan tərəfi maraq göstərsə, Lebron Ceymsin Bakıya səfəri də istisna edilmir. O, layihəsini Avropanın müxtəlif şəhərlərində tanıtmaqda maraqlı olacaq.

Qeyd edək ki, cari mövsümdə ilk dəfə olaraq Azərbaycan basketbolunu avrokuboklarda üç klub təmsil edir: “Sabah” FIBA Çempionlar Liqasında, “Neftçi” və “Abşeron Lions” isə FIBA Avropa Kubokunda mübarizə aparır.

Teymur Tuşiyev

İdman.biz