Macarıstan İdman Elmləri Universitetində təşkil olunan beynəlxalq məşqçilik kursuna qəbul olunan azərbaycanlı mütəxəssis Ləman İbrahimova ölkə basketbolunun inkişafına faydalı olmaq istəyir.
İdman.biz xəbər verir ki, o, bu barədə "Report"a açıqlama verib.
U-12 Liqasında "Ordu" klubunun baş məşqçisi olan, eyni zamanda Bakı Basketbol Akademiyasında çalışan mütəxəssis kursa qəbul olması ilə bağlı təəssüratlarını bölüşüb: "Beynəlxalq məşqçilərdən təcrübə qazanmaq və özümü peşəkar mütəxəssis kimi daha da inkişaf etdirmək imkanı qazandığım üçün çox məmnunam. Vətənə dönərək ölkəmizdə basketbolun inkişafına faydalı olmaq istəyirəm".
Ləman İbrahimova karyerasındakı hədəflərindən də söz açıb: "Ölkəmizin milli komandalarında məşqçi kimi fəaliyyət göstərmək istəyirəm. Həmçinin Azərbaycanda qadın basketbolunun inkişafına dəstək olmaq niyyətindəyəm".
Qeyd edək ki, Ləman İbrahimova adıçəkilən universitetdə kursa qəbul olunan ilk azərbaycanlı məşqçidir. Proqram Beynəlxalq Olimpiya Komitəsinin “Olympic Solidarity” dəstəyi ilə həyata keçirilir.
İdman.biz