Elşən Yusubov: “Nimburk”la oyun ağır rəqabət şəraitində keçəcək”

Müsahibə
22 Noyabr 2023 12:07
267
Elşən Yusubov: “Nimburk”la oyun ağır rəqabət şəraitində keçəcək”

“Qrup liderinə qarşı mübarizə aparmaq həmişə çətin olub. Lakin evdə rəqibə qarşı oynamaq bizim üçün əlavə üstünlükdür”.

Bunu İdman.biz saytına “Sabah” basketbol klubunun idman direktoru Elşən Yusubov FİBA Avropa kubokunun D qrupunda qarşılşacaqları Çexiya təmsilçisi “Nimburk” komandası barədə danışarkən deyib.

Mütəxəssis komandanın tam şəkildə hazır olduğunu bildirib: “Əsas məqsədimiz bu oyunda layiqli və gözəl oyun nümayiş etdirməkdir. Ən böyük arzumuz isə bu komandaya qarşı qələbə qazanmaqdır. Fikrimcə, bu oyun ağır rəqabət şəraitində keçəcək. Qonaqlarımızın məqsədi liderliyi qoruyub saxlamaq olacaq. Bizim qrupdan çıxmaq ehtimalımız yoxdur, lakin yenə də yüksək səviyyəli basketbol nümayiş etdirməyi planlayırıq. Basketbol sürprizlərlə doludur. Komandamız əlindən gələni etməyə hazırdır”.

O, avrokubok yarışlarının komandaya böyük təcrübə qazandırdığını vurğulayıb: “Bu oyunlarda rəqiblərimizin oyun takitikasını öyrəndik. Hazırda ölkəmizdə çox gözəl Azərbaycan Basketbol Liqası yaradılıb. Yeni komandalarımız var ki, onlar da bu ildən mübarizə aparırlar. Oyunçularımız və ümumilikdə klub baxımından bu qarşılaşmalar praktik təcrübə oldu. Bununla da bizdə əminlik yarandı ki, artıq klublarımız avrokubok oyunlarında ölkəmizi layiqli şəkildə təmsil edəcəklər”.

Qeyd edək ki, “Sabah” “Nimburk”la bu gün Bakıda oynayacaq.

Banuçiçək Hüseynli

İdman.biz