Millmizin baş məşqçisi: “Sabah” öndə olsa da, çempion şansı 50-nin 50-yədir”

Xəbərlər
12 May 2025 13:36
49
Millmizin baş məşqçisi: “Sabah” öndə olsa da, çempion şansı 50-nin 50-yədir”

“Bu final seriyası son üç mövsümün ən maraqlı oyunlarıdır”.

Bunu İdman.biz-ə kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Tahir Baxşıyev deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Basketbol Liqasının final seriyasını şərh edib. O bildirib ki, “Neftçi” və “Sabah” layiqli mübarizə aparır: “Neftçi” 0:2 hesabı ilə geri düşdükdən sonra hesabı bərabərləşdirə bildi. “Sabah” isə avrokuboklar oynayır, üstəlik, son iki ilin ölkə çempionudur. Yaxşı məşqçiləri, basketbolçuları var. “Neftçi” bu il gözəl bir oyun göstərdi. Son illərdə ən yaxşı heyətini formalaşdırıblar. Çempionluq üçün də şansları var. Hətta uduzduqları oyunda da böyük top fərqi ilə məğlub olmayıblar”.

Baxşıyevin sözlərinə görə, son oyunlarda yorğunluq faktoru da öz sözünü deyir: “Neftçi” rəqibindən daha çox oyun keçirib, çətinliklə finala çıxdı. Buna baxmayaraq, yaxşı oyun göstərdilər. Komandada Kamran Məmmədovla Amil Həmzəyevin adını xüsusi qeyd edərdim. Amilin komandanı bir məqsəd uğrunda toplaması və özünü kapitan kimi yaxşı tərəfdən göstərməsi təqdirəlayiqdir. “Sabah”da da yaxşı oyunçular var. Məsələn, yerlilərdən Şirzad Şirzadovu fərqləndirərdim. “Sabah”ın hazırda ən böyük problemlərindən biri Endər Poladxanlının zədə səbəbindən oynamamasıdır. Əgər siz mənə final oyunlarından öncə çempionluqla bağlı sual versəydiniz, 70 faiz ehtimalla “Sabah”ın qələbə qazanacağını deyərdim. Ancaq bu gün “Sabah” 3:2 hesabı ilə öndə olmasına baxmayaraq, şanslar 50-nin 50-yədir. Hər iki komandaya uğurlar arzu edirəm. Düşünürəm ki, biz çox maraqlı final matçı görəcəyik”.

Qeyd edək ki, “Sabah”la “Neftçi” arasında 6-cı oyun mayın 14-də keçiriləcək. 4 qələbə qazanacaq komanda çempion olacaq.

Aytac Sahəd
İdman.biz