Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:23
94
Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Slovakiyanın “Prievidza” klubunun basketbolçuları Bakıdakı azarkeş dəstəyindən razı qaldıqlarını bildiriblər.

İdman.Biz xəbər verir ki, Dalibor Hlivak və Yakub Mokran FIBA Avropa Kubokunda “LANDAU Lions” üzərində 97:93 hesablı səfər qələbəsindən sonra qarşılaşmanı dəyərləndiriblər.

Hlivak onları dəstəkləməyə gələn azarkeşlərə təşəkkür edib:

“Özümüzü evdəki kimi hiss etdik. Bu, inanılmazdır”.

Mokran isə hətta tribunada onları dəstəkləyənlərin sayının yerli tərəfdarlardan çox olduğunu düşündüyünü söyləyib.

Hlivak qələbədə daha geniş rotasiyadan istifadənin mühüm rol oynadığını bildirib. Onun fikrincə, ikinci yarıda meydan sahibləri yorulmağa başlayıb və Slovakiya klubunun tempinə uyğunlaşmaqda çətinlik çəkiblər.

“Prievidza”nın baş məşqçisi Qaret Murrey isə Azərbaycan komandasını çətin rəqib adlandırıb. Mütəxəssis ilk yarıda taktiki tapşırıqları lazımi səviyyədə yerinə yetirmədiklərini, fasilədən sonra isə rəqibin üçxallıq atışlarını məhdudlaşdırdıqlarını qeyd edib. Onun sözlərinə görə, “LANDAU Lions” ikinci yarıda yalnız bir üçxallıq atışı dəqiq yerinə yetirib və bu, qələbənin əsas amillərindən olub.

Murrey bildirib ki, zədədən qayıdan Ceyms Freyzer atışlarını daha dəqiq yerinə yetirsəydi, “Prievidza” ciddi çətinliklə üzləşə bilərdi

Qeyd edək ki, noyabrın 18-də Bakı İdman Sarayında keçirilən qarşılaşmada “LANDAU Lions” ilk yarını 51:45 hesabı ilə öndə tamamlasa da, üstünlüyünü qoruya bilməyib.

İdman.Biz