Erhan Toker iki basketbolçunu sərt tənqid etdi: “Onları dəyişə bilərik”

18 Noyabr 2026 22:04
65
Erhan Toker iki basketbolçunu sərt tənqid etdi: “Onları dəyişə bilərik”

“LANDAU Lions” basketbol klubunun baş məşqçisi Erhan Toker komandadakı iki oyunçunun çıxışından narazı qaldığını və vəziyyət dəyişməsə, heyətdə dəyişiklik edə biləcəklərini açıqlayıb.

İdman.Biz xəbər verir ki, türkiyəli mütəxəssis bu barədə FIBA Avropa Kubokunda Slovakiyanın “Prievidza” klubuna 93:97 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında danışıb.

Toker mövsümə daha güclü komanda qurduqlarına inanaraq başladıqlarını, lakin bəzi basketbolçuların gözləntiləri doğrultmadığını qeyd edib:

“Dürüst danışsaq, ötən mövsümlə müqayisədə daha yaxşı komanda qurduğumuzu düşünərək mövsümə başlamışdıq. Amma hazırda zədədən qayıdanlar istisna olmaqla, iki oyunçumuzdan istədiyimiz dəstəyi ala bilmirik. Adlarını çəkməyəcəyəm. Əgər onlar toparlanaraq yaxşı oyunlarını göstərsələr, o zaman liqada güclü komanda olacağıq. Əgər öz üzərlərində işləməsələr, oyunçu dəyişikliyi barədə düşünə bilərik. Hazırda onların çıxışından məmnun deyiləm”.

Baş məşqçi “Prievidza” ilə qarşılaşmada qələbə qazana bilsəydilər, qrupdan çıxmaq üçün möcüzəyə ümid edə biləcəklərini bildirib:

“Bu matçdan qələbə ilə ayrılsaydıq, bəlkə də bir möcüzənin arxasınca gedə bilərdik. Alınmadı. Artıq qrupdan çıxa bilməyəcəyimiz bəlli oldu”.

Erhan Toker mövsümün əvvəlindən komandanın zədələrlə mübarizə apardığını xatırladıb. Onun sözlərinə görə, əvvəlcə Edvart Polayt, daha sonra Saadettin, Arnas, Orelik və Freyzer zədələnib. Buna baxmayaraq, qələbə istəyi səbəbindən “Prievidza” ilə görüşdə Gediminas Orelik də meydana çıxıb.

Mütəxəssis məğlubiyyətin əsas səbəblərindən biri kimi müdafiədəki səhvləri göstərib:

“Bu dəfə də müdafiədə sadə səhvlərə yol verdik. Üstəlik, bu səhvlər kritik məqamlarda baş verdi. Oyunu qazanmaq üçün çox böyük güc sərf etsələr də, istədiklərinə nail ola bilmədilər”.

Qeyd edək ki, “LANDAU Lions” “Prievidza”ya məğlubiyyətdən sonra FIBA Avropa Kubokunun G qrupundan çıxmaq şansını itirib.

İdman.Biz